Yenilənmiş möhtəşəm arenada 8 mindən çox azarkeş qabağına çıxan "Sumqayıt" doğma publikaya bayram yaşatdı. Göz oxşayan stadionda fərqli istəklə oynayan yerli komanda "Neftçi"yə heç bir şans vermədi.
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov bir müddət əvvəl verdiyi açıqlamada onlar üçün iki cəbhədə vuruşmağın çətinliyi barədə danışıb, Premyer Liqada yaxşı nəticələr qazanmaq naminə kuboku qurban verməli olduqlarını demişdi. Hər şey elə təcrübəli mütəxəssisin dediyi ssenari üzrə getdi. Kubokda 1/4 finalın ilk oyununda "Neftçi"yə məğlub olsalar da, çempionat matçında qələbə qazandılar və 2-ci pilləyə qalxdılar.
"Sumqayıt"ın 2:1 hesablı qələbəsində əsas pay sahibi sössüz ki, Kazimir Ninqa oldu. Çad millisinin üzvü həm dubl etdi, həm də oyunboyu "Neftçi"nin müdafiəsini təzyiq altında saxladı.
Ötən yay Kipr "Anartosis"indən gələn Ninqa qışa qədər qol vura bilməmişdi. Çadlı futbolçu meydanda daha çox mübarizə aparmaqla məşğul idisə, qış fasiləsindən sonra ayağı açılıb. "Qəbələ" ilə səfər matçında qol hesabını açan Ninqa, "Neftçi" ilə kubok matçında da fərqləndi. "Neffçi" ilə Premyer Liqa oyununda da dubl etdi. Hücum xəttindəki problemlərdən danışan Samir Abasov üçün Ninqanın belə performans sərgiləməyə başlaması göydəndüşmə oldu. Çünki Abasov əvvəlki açıqlamalarında sanki özü də hücumçulardan gözünü çəkmiş kimi danışırdı.
Kubok yolu "Sumqayıt" üçün çətin görünür. Hətta "Neftçi"ni keçsələr də, bu cütün qalibi yarımfinalda "Qarabağ"la qarşılaşmalı olacaq. Samir Abasovun komandası üçün Premyer Liqada yer tutaraq avrokuboklara yollanmaq daha real görünür. Qarşıda hələ 15 tur var. Ancaq bir məsələ də var ki, "Sumqayıt"ın əsas rəqibləri qeyri-sabit çıxış edir. Bu, Sumqayıt təmsilçisinin avrokubok şanslarını bir qədər də artırır. Yenilənmiş Mehdi Hüseynzadə adına stadiona avrokubok matçı çox yaraşar.
Həmid
saytlarin hazirlanmasi