"Qarabağ"ın böyük oyun ərəfəsində kiçik çətinlikləri - 3 oyuna 5 penalti görüblər qapılarında

12:55 - 12 Fevral 2024

Ötən gün Premyer Liqada "Sabah"la qarşılaşan "Qarabağ" məğlubiyyətin bir addımlığından qayıtdı. Oyunun son saniyələrində qapıçı Yusif İmanovun kobud səhvi olmasaydı, "Sabah" səfərdən 3 xal aparacaqdı. 

Amma tək nəticəni yox, oyunun ümumi gedişatını incələsək, "Sabah" üçün belə matçda 1 xalın da qazanc olduğunu vurğulamalıyıq. "Qarabağ"ın aşkar üstünlüyü ilə keçən və xeyli qol epizodu yaratdığı görüşdə "Sabah" bir neçə dəfə hücuma çıxdı, hamısında da qol vurdu. Bu, nadir hallarda rast gəlinən hadisədir. 

"Qarabağ"ın indiki halda Premyer Liqada heç-heçə etməsi və ya məğlub olması ciddi problem deyil. Çünki rəqiblərlə arasındakı xal fərqi o qədər böyükdür ki, aradan qalxması heç inandırıcı deyil. Bəlkə də intriqanın olmaması futbolçulara şüuraltı rahatlıq verir, ona görə də çempionat matçlarına tam köklənə bilmirlər. 

Premyer Liqada xal itkisi ciddi problem olmasa da, "Qarabağ"ın son 3 oyunda qapısında 5 penalti görməsi siqnaldır. "Sabah"la kubok və çempionat matçlarının hərəsində 2, "Səbail"lə Premyer Liqa oyununda 1 dəfə.

Avropa Liqasının 1/16 final mərhələsində "Braqa" ilə oyun öncəsi belə statistika narahat olmaq üçün ciddi əsasdır. Oyunsonrası mətbuat konfransında Qurban Qurbanov da "Qarabağ"ın nə vaxtsa belə durumla üzləşdiyini xatırlamadığını deyib. 

3 oyuna 5 penalti çoxdur! "Braqa" ilə oyunlarda "Qarabağ"ın müdafiəçiləri gözlərini dörd açmalıdılar, diqqətli olmalıdılar. Aydın məsələdir ki, avrokubok matçlarında köklənmə fərqli olur, oyunun ruhu da bizim çempionatdakına bənzəmir. Amma yenə də müdafiə davranışında daha tədbirli olmaq gərəkdir. 

Həmid

Xəbər xətti