Ötən tur "Sabah"la oyunda qol hesabını açan Aleks Souza bu həftə də adından söz etdirdi. "Qəbələ" ilə matçda da qol vuran braziliyalı forvard "Turan Tovuz"un qələbəsində əsas pay sahiblərindən oldu.
22 yaşlı hücumçunun performansı göz oxşayır. Braziliyalılara xas texnikaya malik olan Aleks Souzanın belə görünür ki, vuran ayağı da var. Meydanda olduğu 3 oyunda 2 qol, 1 məhsuldar ötürməylə yadda qalıb. Bəlkə də rəy bildirmək üçün bir az tələsərik. Çünki ilk vaxtlar parıltı yaradıb sonradan sönən və ya bunun əksi olan bir çox nümunələr görmüşük. Lakin Aleksin oyununa baxanda, hansı səviyyənin futbolçusu olduğunu görməmək mümkün deyil. Sözsüz ki, səviyyəsi var və bu ustalığı daha da gəlişdirmək mümkündür. Bunun üçün isə braziliyalı futbolçu ilk növbədə idmançı rejiminə riayət etməli, üzərində çalışmalıdır.
Maraqlıdır ki, Aleks Souzanın Premyer Liqada vurduğu hər iki qolun ötürməsini Ayxan Hüseynov verib. Bu iki futbolçunun anlaşması çox yaxşı alınır. "Turan Tovuz"un Ayxan Abbasov kimi gənclərlə çalışmağı xoşlayan məşqçisinin olduğunu nəzərə alsaq, bu, həm Aleks, həm də Hüseynov üçün yeni səviyyəyə qalxmağa şans yaradır.
Qeyd edək ki, Aleks Souza "Turan Tovuz"a qış fasiləsində qoşulub. Onunla 2,5 illik müqavilə imzalanıb.
Həmid
saytlarin hazirlanmasi