"Rabitəbank" rəhbərliyi Premyer Liqanı izləyirmi? - Azərbaycan futbolunda qəribə əməkdaşlıq

22:04 - 15 Fevral 2024

Arxada qalan illər ərzində AFFA bir çox şirkətlərlə əməkdaşlıq edib. Onların böyük əksəriyyəti də sırf şəxsi münasibətlərə görə futbol federasiyasına maliyyə ayırıb və bunun qarşılığında demək olar ki, heç nə əldə etməyiblər. 

Bərbad nəticələrlə yadda qalan futbolumuzu düşünün, bir də ona sponsorluq edən şirkətləri. Camaat uzun illərdi AFFA-nı bacarıqsızlıqda suçlayır, həmin şirkətlər isə ölkənin ən çox tənqid olunan sahəsi üzərindən özlərini piar etməyə çalışırlar. 

Bu gün oxudum ki, "Rabitəbank" AFFA ilə sponsorluq müqaviləsi imzalayıb. Bir bank üçün nə qədər uğurlu əməkdaşlıq ola biləcəyini düşündüm. Fikirləşdim ki, bizim bu ciddi bir işə yaramayan milli komandamız əhəmiyyəti qalmayan matçlarda hərdənbir qələbə qazanır. Yəqin bank rəhbərliyini əməkdaşlığa sövq eləyən bu cür qələbələrdi. Xəbərin içini oxuyanda isə şoka düşdüm. "Rabitəbank" hakimlərə sponsorluq edəcək. Premyer Liqa oyunlarına çıxan hakimlərin formalarının üzərində "Rabitəbank"ın adı və loqosu əks olunacaq. 

Görəsən, "Rabitəbank" rəhbərliyinin Azərbaycan çempionatında baş verənlərdən xəbəri varmı, bizim Premyer Liqanı izləyirlərmi? Az qala hər tur klub rəsmiləri tərəfindən danlanan, jurnalistlər tərəfindən tənqid olunan, azarkeşlər tərəfindən ağır sözlər eşidən hakimlərə sponsorluq etmək nə qədər doğru qərardı?

Yenə milli komandaya sponsorluq etsəydilər, dərd yarı. Amma hakimlər üzərindən "Rabitəbank"ı reklam etmək...

Azərbaycan futbolunda o qədər anormallıq görmüşük ki, daha nəyəsə təəccüblənə biləcəyimi zənn etmirdim. Amma bugünkü hadisə bir daha göstərdi ki, heç vaxt heç vaxt deməyəsən gərək. Xüsusilə də, söhbət Azərbaycan futbolundan gedirsə. 

Həmid

Xəbər xətti