Bəlkə də, ən optimist azarkeşlər də "Qarabağ"ın Braqa səfərindən belə hesablı qələbə ilə qayıdacağını gözləmirdi. Çətin olacağını gözə alıb Portuqaliyaya yollanan təmsilçimiz meydan sahiblərini elə çətinə saldı ki, "Braqa"nın baş məşqçisi Artur Jorje "izahı çətin olan bir məğlubiyyət" adlandırdı yaşananları.
Braqa gecəsi möhtəşəm idi. Sanki qanadları varmış kimi uçan Yankoviç, top sehrbazı Zubir, döyüşkən Romao, dayanmaq bilməyən Elvin Cəfərquliyev, cəmi bir epizod yaxalayıb qola çevirən Juninyo... "Qarabağ"ın hər bir üzvü barədə bir neçə kəlmə xoş söz demək mümkündür, onların hər biri Braqa gecəsinin qəhrəmanı idi. Amma qələbənin əsas adamı bu möhtəşəm əsərin müəllifi Qurbanov Qurbanovdur. Çünki o, 15 ildir ki, bu əsər üzərində çalışır, yazır-pozur, əl işini ən yaxşı şəkildə ortaya çıxarmağa çalışır.
Əslində, Avropanın ortabab klublarında belə nəticələri olan məşqçilər çox azdır, bəlkə də yoxdur. Ardıcıl 10 il təsnifat mərhələlərindən başlayaraq avrokuboklarda qrup mərhələsinə yüksəlmək elə-belə nəticə deyil. Bu illər ərzində "Atletiko" kimi nəhənglə heç-heçələr, "Nant" və "Olimpiakos" kimi klublar üzərində parlaq qələbələr.
"Qarabağ" və Azərbaycan adına sevinsək də, Qurban Qurbanova görə üzülməliyik həm də. Bu adam Avropanın yaxşı klublarından birini çalışdıracaq səviyyəyə yüksəlsə də, nəticələrinə layiq təklif almayıb bu illər ərzində. Bu günə qədər avrokuboklarda "Qarabağ"a rəqib olan əksər klubların məşqçiləri Qurban Qurbanovun bacarığını qabardıb, onun çox güclü mütəxəssis olduğunu qeyd ediblər. Amma təəssüf ki, Avropa futbolunda azərbaycanlı məşqçi statusu ilə irəli getmək çətindir. Bu nəticələri hansısa başqa ölkədən olan məşqçi qazansaydı, Avropanın aparıcı liqalarında çıxış edən klublardan təklifləri nəzərdən keçirəcəkdi. Lakin Qurban Qurbanov hələ də buralardadır, hələ də "Qarabağ"dadır.
Həmid
saytlarin hazirlanmasi