Braqa zəfərinin kölgəsində qalan fakt - "Qarabağ" yenə qapısında penalti gördü

12:38 - 17 Fevral 2024

Avropa Liqasında pley-off mərhələsinin "Braqa" ilə oyunu ərəfəsində "Qarabağ"la bağlı narahat edən statistika ilə bağlı yazı hazırlamışdıq. Ölkə çempionumuz son 3 oyunda qapısında 5 penalti görmüşdü. "Sabah" və "Səbail"lə çempionat, həmçinin "Sabah"la kubok matçında. 

Onu da qeyd eləmək lazımdır ki, "Qarabağ" özü də vurğuladığımız matçların hamısında rəqib qapılarına penalti vurub. Elə "Braqa" ilə səfər oyununda da oxşar hal yaşanıb. Görüşün 21-ci dəqiqəsində Yankoviç penalti zərbəsindən fərqlənsə də, matçın sonlarında "Qarabağ" penaltidən qapısında qol görüb. 

Mateus Silvanın rəqibə toxunuşu zamanı matçın baş hakimi tərəddüd etmədən penalti nöqtəsinə göstərdi. Qayda pozuntusu həqiqətən var idi. Həmişə soyuqqanlı, emosiyalarına hakim olan Qurban Qurbanov bu dəfə ani də olsa, hisslərini biruzə verdi. O, bir anlıq əlini üzünə apardı... 

Braziliyalı futbolçu daha səliqəli olmalı idi. Yəqin ki, Qurban Qurbanov bu barədə matçdan qabaq futbolçuları ilə danışmışdı. Lakin olmadı. "Qarabağ" yenə qapısında penalti gördü. Son 4 oyuna 6-cı penalti. 

Həmid

Xəbər xətti