Andrey Lunyov gələnə qədər müasir "Qarabağ" tarixinin ən yaxşı qapıçısı İbrahim Şehiç sayılsa da, onun da xətaları yaddaşlarda qalıb. Aralarında ən təzadlısı Şahruddin Məhəmmədəliyev olub. Gah möhtəşəm qurtarışlar, gah da uşaq səhvləri edən qapıçı azarkeşlərin əsəbləriylə o ki var oynayıb.
Lunyovun gəlişi ilə azarkeşlər nəhayət ki, rahat nəfəs almağa başladılar. Bir əminlik yarandı - "Qarabağ"ın qapısı etibarlı əllərdədir. Çoxları düşündü ki, Lunyov bir qədər tez gəlsəydi, "Qarabağ" ÇL-in qrup mərhələsinə də düşə bilərdi. Çünki rusiyalı qapıçı Avropa Liqasında möhtəşəm performans ortaya qoydu.
Lakin qış fasiləsindən qayıdan Lunyovda birdən-birə geriləmə hiss olunmağa başlayıb. Qış istirahətindən qayıtmağına qayıdıb, amma elə bil, qış yuxusundan ayılmayıb. "Sabah"la oyunlarda uzaq məsafələrdən buraxdığı qollar var idi. Gözəl qollar, güclü zərbələrlə əlaqələndirib Lunyovu o qədər də təqsirkar saymadılar. Hərçənd, "Sabah"la matçda Tellur Mütəllimovun hesaba alınmayan qolu zamanı Lunyovun inamsız oyunu diqqət çəkmişdi.
Ölkədaxili yarışlarda "Qarabağ"lı futbolçuların rahatlığını anlayışla qarşılayan azarkeşlər üçün əsas göstərici "Braqa" ilə oyun sayılırdı. Portuqaliyada qazanılan möhtəşəm qələbə hamını məmnun etdi, amma çatışmazlıqlar gözdən qaçmadı.
Andrey Lunyov inamsız görünürdü. Bir neçə dəfə topu əlindən buraxan Lunyov qapımız önündə durduq yerdə təhlükəli anların yaşanmasına səbəbkar oldu. Çıxışlardakı inamsızlığı qapımıza qolla nəticələndi. Topu oyuna daxil edərkən də, qeyri-dəqiqliklərə yol verdi. Yaxşı ki, matçın sonlarında toparlanıb bir neçə dəfə təhlükəni sovuşdura bildi.
Statistik Sofascore saytı Lunyova yüksək bal versə də, onların qiymətləndirmə sistemi yalnız rəqəmlərlə götürülür. Məsələn, mövqe səhvi, çıxışlardakı oyunu və s. incəliklər nəzərə alınmır. Yəni, reallığa baxsaq, Lunyov həmin gün ən zəif bənd idi.
Həmid
saytlarin hazirlanmasi