Ponomaryovun yükü ağırdır REPLİKA 

12:59 - 25 Fevral 2024

Məşqçi dəyişikliyindən sonra yüksəlişə gedən "Sabah" dünən İqor Ponomaryovun rəhbərliyi altında ilk məğlubiyyətini aldı. Komanda "Səbail" səfərində qapısında 2 cavabsız qol gördü. 

Turnir cədvəlində mürəkkəb vəziyyət yaranıb - çempionluğa doğru irəliləyən "Qarabağ", avrokuboklara düşmək uğurunda mübarizə aparan yeddilik, Premyer Liqada qalmağa çalışan "Kəpəz"lə "Qəbələ". Üçüncü dövrənin gedişində birdən-birə 7 komandanın avrokuboklara yer verən 2 vəsiqə üçün oynaması çempionatımızda az rast gəlinən hadisələrdəndir. Ölkə kubokunu "Qarabağ" qazansa, çempionat yolu ilə avrokuboka gedənlər 3 olacaq. 

"Sabah"ın belə bir qarışıq vəziyyətdə istəyinə çatıb-çatmayacağını demək çətindir. Lakin Ponomaryovun komandanın sükanı arxasına keçməsindən sonra sərgilənən oyun azarkeşlərdə avrokuboklara vəsiqə ümidi yaradıb. Təbii ki, dünənki oyun istisna... 

Bugünkü "Sabah"ın ən böyük problemi İshak Belfodildir. Bir az qəribə səslənəcək, amma adlı-sanlı futbolçu həm Ponomaryov, həm də komanda yoldaşları üçün yükdür. Belfodilin yaxşı karyerası olub, bəzi hərəkətlərindən dərhal görünür ki, səviyyəli oyunçudur. Lakin Azərbaycana sanki bitmiş vəziyyətdə gəlib, bu qədər vaxt keçməsinə baxmayaraq, hələ də komandaya lazımı fayda verə bilmir. Belfodil gəzə-gəzə oynayır. Bizim Premyer Liqada isə qaçmadan effektli olmaq çətindir. 

Əgər xatırlayırsızsa, "Sabah" 2021-ci ildə Petar Skuletiçi transfer etmişdi. "Partizan", "Lokomotiv" (Moskva), "Gənclərbirliyi", "Monpelye" kimi klublarda çıxış etmiş Skuletiçin "Sabah" karyerası çox kiçik çəkmişdi. Cəmi 4 oyunda meydana çıxan futbolçu ilə yollar ayrılmışdı. 

Yəni, futbolu tək ad-san oynamır. Fiziki göstəricilər də qaydasında olmalıdır ki, futbolçu səviyyəsini ortaya qoya bilsin. Belfodil isə ləngdi, ağırdı. Dünən "Səbail"ə qarşı oyunda da varlığı ilə yoxluğu hiss olunmadı meydanda. 

İqor Ponomaryovu da yaxşı anlayırıq. Bir tərəfdən komandanın ən ödənişli futbolçusunu ehtiyatda oturtmaq istəmir. Digər tərəfdən də onun meydanda olmasının əziyyətini çəkir. Necə deyərlər, yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal... 

Həmid

Xəbər xətti