Rövnəq Abdullayev gedir, AFFA-nın əcnəbi sevdası qalır? QEYD

13:37 - 2 Mart 2024

Onun AFFA-dakı 16 illik hakimiyyəti bitir. Bunu ötən gün Rövnəq Abdullayev özü açıqlayıb, növbəti seçkilərdə namizədliyini verməyəcəyini deyib. 

Böyük əksəriyyət çoxdandır ki, futbolumuzda bu günü gözləyirdi. Məsələ tək Rövnəq Abdullayevin getməsi deyil. Zatən, 16 ildə AFFA-da heç kabineti olmayan, futbola vaxt ayıra bilməyən birinin bu sahənin içində olduğunu da demək çətindir. Hamı bilir ki, onun işi AFFA-ya pul buraxmaq olub, xərcləmək işinə isə Elxan Məmmədov baxıb. Necə xərclədiyini bir Allah bilir, bir də özü və ətrafı. Bizim bildiyimiz odur ki, o xərclənən pullarla futbolumuz ağ günə çıxmayıb. Rövnəq Abdullayevin elə ən böyük səhvi də onda olub ki, onun adı ola-ola külli ixtiyar başqalarının əlinə verilib. 

Təəssüf ki, Rövnəq Abdullayevin gedişinə belə ürəkdən sevinmək olmur. Bir çox sahələrdə olduğu kimi, futbolda da yeni gələnin gedənə rəhmət oxutdaracağından ehtiyat edir adam. Hələ ki namizədlər açıqlanmır. Müxtəlif adamların adları çəkilsə də, konkretlik yoxdur. 

Narahatlıq doğuran məsələ isə başqadır.  De yure Rövnəq Abdullayev, de fakto Elxan Məmmədovun futbolumuzda 16 illik idarəçilik dövrü bitmək üzrə olsa da, bu gün AFFA-ya rəhbərlik etmək istəyində olanların əksəriyyəti də elə eyni təfəkkür sahibləridir. Onlar da Elxan Məmmədov kimi əcnəbi düşkünləri, xarici vətəndaşlara rəğbət bəsləyən adamlardılar. Yəni, dəyişən ciddi heç nə olmayacaq. Əvvəllər Elxan Məmmədov bura əcnəbiləri vaqon-vaqon gətirirdi, indi də bunu bir başqaları edəcək. Yəni, toplananların yeri dəyişəndə, cəm dəyişmir... 

Düzdür, hələ ki yekun qərar yoxdur. Amma gözlənilən odur ki, AFFA-nın siyasəti dəyişməyəcək. Yenə də futbolumuzda əcnəbi rüzgarı əsəcək. 

Həmid

Xəbər xətti