Xabi Alonso üçün əl işi olan Qarabağ xalçası - Qurban Qurbanovun əl işini isə meydanda görəcək 

17:33 - 7 Mart 2024

Qurban Qurbanovla Xabi Alonso yenə görüşüblər. Bu dəfə rəqib kimi. Taleyin işinə bax, bir ay əvvəl Qurban Qurbanov Almaniyaya yollanıb ispan məşqçinin iş prinsipləri ilə tanış olmuşdu. Futbol barədə danışmışdılar, fikir mübadiləsi aparmışdılar. 

Lakin qismətdə yenə rəqib olmaq var imiş. Qurban Qurbanovun "Qarabağ"ı yenə Avropanın ən əzəmətli komandalarından olan "Bayer"ə rəqib olub. Avropa Liqasında 1/4 finala adlamaq çətin olacaq, hətta mümkünsüz kimi gəlir adama. Amma Qurban Qurbanovu da yaxşı tanıyırıq. Bağlı qapıları açmaq üçün əlindən gələni edəcək. 

Mühüm oyun ərəfəsində Qurban Qurbanov "Bayer"in məskunlaşdığı otelə gedib, Xabi Alonsonu azərbaycanlılara xas şəkildə, nəcib niyyətlə qarşılayıb. Ona xüsusi hazırlanmış əl işi olan ipək Qarabağ xalçası hədiyyə edib. Qurban Qurbanov öz əl işini isə meydanda göstərməyə çalışacaq. 

Böyük ehtimalla, Xabi Alonso "Bayer"də çox qalmayacaq. Bəlkə elə bu mövsüm bitən kimi Avropanın top klublarının birinə gedəcək. Bu adam həqiqətən adından söz etdirməyi bacarıb. Bizə də "Bayer"i büdrədib, imkan olsa, mövsümdə ilk məğlubiyyəti yaşatmağı arzulamaq qalır. Zatən, "Qarabağ"ın buralara qədər gəlməsi qəhrəmanlıqdır. Daha bir qəhrəmanlıq salnaməsi yaza bilərlər. Ən azı Bakıda buna ümidlər böyükdür. 

Həmid

Xəbər xətti