Renduliçin hədəfi QEYD 

22:48 - 13 Mart 2024

Bosniya və Herseqovinanın "Zrinski" klubunu Konfrans Liqasının qrup mərhələsinə çıxarmaqla bu ölkənin tarixinə düşən Krunoslav Renduliç üçün "Sabah" yeni çağırışdır. O, Azərbaycan klubunun da tarixinə düşə bilər. "Sabah" Renduliç üçün bacarığını sərgiləmək baxımından yaxşı seçimdir. 

"Sabah"dakı işinə qələbəylə başlayan xorvat mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən, öz qarşısına bu mövsümü 2-ci pillədə başa vurmaq hədəfini qoyduğunu açıqlayıb. Bir əcnəbinin iddialı olması, gəldiyi gündən açıq şəkildə hədəflərini bildirməsi çox yaxşı haldır. Belə görünür ki, Renduliç özünə əmindir və heç nədən çəkinmir. 

Təbii ki, onun işinə qiymət vermək üçün hələ tezdir. Heç olmasa 3-4 oyun keçirməlidir ki, hansısa fikir yürütmək mümkün olsun. Lakin "Qəbələ" ilə debüt matçında onun heyət seçimi müəyyən ştrixləri müşahidə etməyə imkan verdi. Müdafiənin mərkəzində nə gənc Rəhman Daşdəmirov, nə də Maruan Hadudiyə yer verən Renduliç seçimini bu mövsüm az-az oynayan İrasabaldan yana etdi. Yəqin ki, Renduliç bu mövqedə topla daha yaxşı oynamaq bacarığına malik müdafiəçiyə ehtiyac duyur. Hücumda da Belfodil və Apehə yox, Volkova yer verməklə, öz oyun sistemində sürətli hücumçunun gərəkliyini göstərdi. 

Onun avrokubok təcrübəsini nəzərə alsaq, "Sabah"ın ən azı ötən mövsüm olduğu kimi, bu mövsüm də heç olmasa bir mərhələ adlaya biləcəyini ehtimal etmək olar. Hər halda yay transfer pəncərəsi dövründə yeni futbolçular gətirdikdən sonra artıq gələn mövsüm Renduliçin işini bütün incəlikləri ilə görə biləcəyik. 

Həmid

Xəbər xətti