Juninyo "Qarabağ"dan gedərsə... QEYD

13:15 - 16 Mart 2024

İndiki "Qarabağ"ın heyətində səviyyəli futbolçular çoxdur. Romao, Yankoviç, Veşoviç, Zubir, Medina və daha bir neçə oyunçunun adını çəkmək olar. Lakin diqqətləri üzərinə ən çox çəkən Olavio Juninyodur. 

İstər Avropa Liqasının qrup mərhələsində, istər "Bayer"lə oyunlarda braziliyalı hücumçu elə performans sərgiləyib ki, yayda bir neçə sanballı təklif alacağı dəqiqdir. Bu cür mərkəz hücumçularına tələbat böyükdür. Avropanın top klubları olmasa da, ikinci dərəcəli komandalarından dəvətlər gələcək. 

Bu gedişatın iki başı var. Bir tərəfdən "Qarabağ" onu 7-8 milyon avroya satmaqla yaxşı gəlir əldə edə biləcək. O biri tərəfdən isə belə hücumçu tapmaq çox çətin olacaq. Doğrudur, "Qarabağ" Vadjini 1,6 milyon avroya "Sent-Etyen"ə satandan sonra Juninyo kimi forvardı heyətinə qata bilmişdi. Amma hər dəfə kimisə satıb, yerinə eyni səviyyədə olan və ya daha yaxşısına yiyələnmək çətindir. Kadi Borges buna əyani nümunədir. 

"Qarabağ" indiki ərəfədə mütləq heyətini qorumağa çalışmalıdır. Bir neçə yaxşı transfer edib bu heyətlə avrokuboklarda daha yaxşı nəticələr göstərmək mümkündür. Lakin Juninyo "Qarabağ"dan gedərsə, bu, böyük itki olacaq. 

Həmid

Xəbər xətti