"Qarabağ" üçün adiləşən çempionluq QEYD

23:50 - 29 Mart 2024

"Qarabağ" ın sona 8 tur qalmış, ən yaxın izləyicisini 26 xal qabaqlayaraq çempionluq yaşaması Premyer Liqada onlara rəqib olmamasından xəbər verir. Ötən mövsüm Murad Musayevin "Sabah"ı dirəniş göstərə bilmişdisə, bu mövsüm "Qarabağ" heç bir ciddi müqavimət görmədən 11-ci çempionluğunu rəsmiləşdirdi. 

Rəqabətsiz çempionatda oynayan komandanın avrokuboklarda tarixi uğurlar qazanmasının özü də bir qanunauyğunsuzluqdur. Bu yaxınlarda Rusiya mediasına danışan "Sabah"ın sabiq baş məşqçisi Murad Musayev də Qurban Qurbanovun belə bir komandanı necə yarada bilməsinə təəccübləndiyini demişdi. Qəribə bir şeydir. Daxili çempionatda tək ayaqla oyna, sonra da çıx, "Braqa", "Bayer" kimi komandalarla başabaş mübarizə apar. Futbolun kitabına görə belə olmalı deyil! 

26 xallıq fərqin yaranması, çempionluğun taleyinə 8 tur qalmış aydınlıq gəlməsində "Neftçi", "Sabah" kimi klubların da günahı var. Bu mövsüm yenidən qurulan "Neftçi"nin can çəkişə-çəkişə qazandığı qələbələr ən yaxşı halda ikinci pillə uğrunda mübarizə üçün yetərlidir. Murad Musayevin "Sabah"ından da gözləntilər böyük idi. Onların hətta çempion olacağına dair ehtimallar da səslənirdi. Lakin mövsümün əvvəlində bir neçə aparıcı oyunçu komandanı tərk etdi, yenilər uyğunlaşa bilmədi. Sonra da komanda daxilində nə oldu, nə olmadı, "Sabah" əvvəlki oyununu itirdi, "Qarabağ"la çempionluq mübarizəsi apara bilmədi. 

"Qarabağ" üçün Premyer Liqada mövsüm burada bitdi. Ölkə kubokunu qazanmağa da əsas namizəd Qurban Qurbanovun komandasıdır. "Qarabağ"ın azarkeşləri artıq indidən gələn mövsümün xəyallarını qurur, komandalarının Çempionlar Liqasının qruplarında yer almasını arzulayırlar. 

Həmid

Xəbər xətti