"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
Stressli oyun gözləyirdik. Elə də oldu. Qələbə qazana bilsəydik, bir pillə irəliləyəcəkdik. Məğlub olsaydıq, rəqibin böyük üstünlüyü olacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib bundan istifadə etdi. Bundan sonra hücumda olduq. Bir neçə epizodda rəqibin qapıçısı yaxşı oynadı. İkinci qolu vurmaq üçün hücumların sonluğu çatmadı. Bundan sonrakı oyunlar da çətin keçəcək. Şansımız var. Futbolçular inamlıdırlar. Qalib gəlmək üçün bu yetərli olmadı. Bir az da artırmalıyıq.
- Ayxan Quseynovun durumu necədir?
- Bu gün zədəli oyunçularımız var idi. Ən çox da orta xətdə çıxış edən futbolçular zədəlidir. Ayxan da, Denis də, Paçu da zədədən qayıdıb. Təəsüf ki, Ayxan yenə eyni ayağı burxuldu. Hətta əvəzləmək istəyirdim. Dedi ki, oynamaq istəyirəm. Zədələr komandaya təsir edir.
- Azərbaycanda ilk dəfədir ki, bir komanda mövsümün bitməsinə 8 tur qalmış çempion olur. Bu, "Qarabağ"ın çox güclü olmasına görədir, yoxsa rəqiblərin zəif olmasına görə?
- Çempionat maraqlıdır. Məncə, təhlili düz aparmırıq. Bu gün "Qarabağ" tam başqa səviyyədədir. İtaliyada turnir cədvəli necədir? "İnter" 14 xal öndədir. Bu, o demək deyil ki, digər komandalar zəifdir. "Qarabağ" Avropada Portuqaliya, Almaniya klubları ilə başa-baş oynayır. Neyləyək? Oynamayaq? "Qarabağ"ın səviyyəsinə çatmaq üçün klublar çalışmalıdır. Bu il digər klublar bir-biriləri ilə oyunlarda çox xallar itirdi. "Neftçi" ilə "Sabah"ın geri qalması "Qarabağ"ın çempionluğunu 4-5 tur tezləşdirdi.
- Gənc futbolçu Məzahir Məmmədzadənin oyunu sizi qane etdi?
- Bizimlə məşq edir. Onun ən böyük problemi odur ki, Qazaxda universitetdə oxuyur. Dərslərdən icazə ala bilmir, "qaib" limitini bitirir. Buna görə də ona çox şans verə bilmirik. Tətildən istifadə etdik. Bizimlə Qəbələdə toplanışda oldu. Sonuncu kursdadır. Məzahir U-21 millimizə namizəddir. Bu gün özünü yaxşı tərəfdən göstərdi.
- Yeni mövsüm üçün oyunçu axtarışlarına başlanılıb?
- Bəli. İzlədiyimiz futbolçular var. Bəzilərini qışda gətirə bilmədik. Aleks Souza ilə yayda danışdıq, alınmadı. Amma qışda gəldi. Hələ vaxtımız var.
- AFFA-nın İcraiyyə Komitəsində futbol adamları az olacaq. Sizin münasibətiniz necədir?
- Futbolda narazılıq heç vaxt bitməyəcək. Hərənin öz baxışı var. Potensialımızı və problemlərimizi qəbul edib işə başlamalıyıq. Bu gün böyük problemimiz odur ki, məşq meydançalarımız yoxdur. Futbolçu oyun meydançasında yetişmir. Hər klubun təlim-məşq bazası tikilməlidir. Bundan başlamasaq, qalan şeylər müvəqqəti olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi