İsgəndər Cavadovun doğruları və yalanları - Qurban Qurbanov millidən özü getməyib!

23:35 - 30 Mart 2024

İsgəndər Cavadov 16 il əvvəl AFFA prezidenti olmağa yaxın idi. Rəhmətlik Ramiz Mirzəyevin federasiya rəhbəri olduğu vaxtlarda ona qarşı mübarizə aparan, etiraz səsini ucaldan Cavadov onun yerini tuta bilərdi. Lakin Ramiz Mirzəyev dünyasını dəyişəndən sonra boş qalan post ölkə rəhbərliyinin təşəbbüsü ilə Rövnəq Abdullayevə tapşırıldı. 

İsgəndər Cavadov da o vaxtdan ikinci plana keçdi. Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərsə də, ölkə futbolunda söz sahibinə çevrilə bilmədi. O, Rövnəq Abdullayevin komandasının kölgədə qalan adamlarından biri kimi yadda qaldı. 

AFFA-nın təzə komandasında ona yer yoxdur, İsgəndər Cavadov İcraiyyə Komitəsinin yeni tərkibində yer almayacaq. Onunla yanaşı Kazbek Tuayev, Vaqif Sadıqov kimi veteranlara da İK-da ehtiyac duyulmayıb. Səbəbi çox sadədir. Onların AFFA-dakı himayəçisi Elxan Məmmədov idi. Sabiq baş katib olmayandan sonra heç kim bu veteranlara görə sinəsini qabağa vermək istəmədi. Məmmədov da onlara boş-boşuna dəstək vermirdi. Lazım olanda özü demək istəmədiyini onlara dedirtdirirdi. 

Hamı başa düşür ki, İK-dan kənar qalan, vəzifəsini itirən Vaqif Sadıqov da, elə İsgəndər Cavadov da bundan sonra daha cəsarətli olacaq, daha sərbəst danışacaqlar. Sadıqov artıq bir neçə belə açıqlama verib, bu gün İsgəndər Cavadov da nəhayət ürəyini boşaldıb. Mətbuat nümayəndələrinə deyib ki, həmişə sözünü deyən adam olub, lazım gələndə rəhbərliyə etirazını da bildirib. 

Çoxları bilməsə də, İsgəndər Cavadov həqiqətən də İK-nın digər veteran üzvləri ilə müqayisədə daha ipə-sapa yatmayan biri olub. Qapalı iclaslarda zaman-zaman etirazlarını bildirib, sözünü deməyə çalışıb. Lakin özünün də etiraf etdiyi kimi, sözü keçməyib, İK-da təmsil olunan vəzifə sahibləri onunla hesablaşmayıblar. Belə olan halda İsgəndər Cavadovun ciddiyə alınmadığı İK-da yer almaqdansa, istefa verməyi doğru olsa da, buna da onun özünə gücü çatmayıb... 

Müsahibəsində mətbuatın onu qaralamasından giley-güzar edən Cavadov yaman yerdə "axşamlayıb". Ona Qurban Qurbanovla bağlı sual veriləndə, ölkənin ən güclü məşqçisinin millidən öz istəyi ilə getdiyini deyib. Halbuki az qala bütün ölkə Qurban Qurbanovun istefaya göndərildiyini, bu işin başında o vaxtkı baş katib Elxan Məmmədovun dayandığını bilir. Çoxları xatırlamasa da, Qurban Qurbanova qarşı aparılan kampaniyada Kazbek Tuayev, Vaqif Sadıqov, İsgəndər Cavadov üçlüyü də tənqidi açıqlamalarıyla müəyyən rol oynayıblar. 

İndi bu adam deyir ki, Qurban Qurbanov özü gedib millidən, səbəbini də bilmir. Əgər İsgəndər Cavadov həqiqətən də belə əhəmiyyətli hadisənin səbəblərindən bixəbərdisə, elə İK-da da, futbolumuzda da olmaması yaxşıdır. Yox, bilib yalan danışırsa, ki, böyük ehtimalla məhz belədir, o zaman əminliklə deyə bilərik ki, bu adamın futbolumuzda yeri yoxdur. 

Həmid

Xəbər xətti