Sonrakı peşmançılıq fayda vermədi - Ayxan Abbasov zərərin yarısından qayıda bilmədi

19:51 - 19 Aprel 2024

30 ildən sonra avrokuboklara vəsiqə qazanmaq şansı əldə edən Tovuz təmsilçisi, həm də digər iddialılar üçün çempionatın həssas dönəmi başlayıb. "Qarabağ"ın rəsmiləşən çempionluğunu kənara qoysaq, turnir cədvəlinin yuxarı hissəsində sıxlıq müşahidə olunur. Bəziləri real, bəziləri nəzəri də olsa avrokuboklara vəsiqə şansını saxlamaqdadır. 

"Turan Tovuz" evdə əsas rəqiblərindən olan "Sumqayıt"a uduzmaqla bu mübarizədə rəqiblərini özündən xeyli irəli buraxmaq təhlükəsi ilə üzləşib. Tovuz təmsilçisi "Zirə" - "Neftçi" matçının heç-heçə bitməsi, "Kəpəz"in də "Sabah"ı büdrətməsinə ümid bəsləməlidir. 

Evdə 1:4 hesablı məğlubiyyətə gəlincə, bir tərəfdən itkilər, digər tərəfdən də Ayxan Abbasovun yanlış heyət seçimi mühüm rol oynadı. "Turan Tovuz"un dayaq yarımmüdafiəçisi yoxluğunda Xəyal Nəcəfovun əvəzinə Serranonu daxil edib, ötən matçdakı heyətlə oynayacağı ehtimal olunsa da, Ayxan Abbasov gözlənilməz dəyişikliklərə getdi. Müdafiənin mərkəzində Marandiçi, solda Slavik Alxasov, yarımmüdafiənin mərkəzində Hakman, irəlidə 3 hücumçu... 

Artıq 24-cü dəqiqədə hesabda 0:2 geri düşdükdən sonra ləngitmədən dəyişikliklərə getməyi qərara aldı. Ayxan Hüseynov və Fərid Nəbiyevin meydana daxil olması ilə "Turan Tovuz" öz oyununu oynamağa başladı, bir-birinin ardınca təhlükəli hücumlar təşkil olundu. 

Otto Con buraxılan qollardan birinin əvəzini çıxdı. Hesabı bərabərləşdirmək üçün də xeyli imkanlar oldu. Ayxan Abbasov zərərin yarısından qayıtmağa çalışsa da, istəyinə çatmadı. "Turan Tovuz" əks-hücumların birində qapısında daha bir qol gördü və hər şey bitdi...

Həmid

Xəbər xətti