Müsibət oluruq biz, səhv düşəndə yerimiz - REPLİKA 

21:52 - 23 May 2024

Dəyişiklik qaçılmaz idi,  "bıçaq sümüyə dirənmişdi". AFFA-nı altını üstünə çevirən adamlardan qurtulub yeni düzən yaratmağın vaxtı yetişmişdi. Hətta bu proses xeyli gecikmişdi də... AFFA-nın sabiq idarəçisi Elxan Məmmədov hər nə qədər dirəniş göstərsə də, yuxarı dairələrdəki əlaqələrini işə salsa da, yerini qoruya bilmədi. Hər şey kürsünün Rövşən Nəcəfə təhvil verilməsi ilə yekunlaşdı. 

Lakin elə ilkin qərarlardan, məsələlərə yanaşmadan anlaşıldı ki, həsrətində olduğumuz xoşbəxt gələcək çox uzaqdadır. "Neftçi"ni əvvəlkindən də pis günə salan Rövşən Nəcəfdən futbolumuz üçün xeyirli gedişlər gözləmək xəyalpərəstlikdən başqa bir şey deyil. Adam bu sahədə yenidir, futbolun incəliklərini bilmir. Kim onu nəyə inandıra bilsə, o yolla gedəcək. 

Futbolumuzda qalaq-qalaq yığılan problemlər qalıb bir tərəfdə, Rövşən Nəcəf idman jurnalistikasının çətinliklərini həll eləmək həvəsinə düşüb. Əlliyə yaxın media nümayəndəsini başına yığan AFFA prezidenti təkliflərə və tənqidlərə açıq olduğunu deyib. Əslində, yanaşma olaraq pis deyil, düşüncə kimi müsbət qəbul olunmalıdır. Amma bilmədiyi bir işə baş vurduğu üçün həmin görüşü xaosa, başıpozuqluğa çevirib. 

Adama deyərlər ki, niyyətin belə yaxşıdırsa, tapşırıq ver, çəkil qırağa, işi bilənlər media ilə əməkdaşlıq platforması hazırlasınlar. Yoxsa ki, Rövşən Nəcəf 7-8 il əvvəl Elxan Məmmədovun uğursuz Media Komitəsi layihəsini bərpa etmək həvəsinə düşüb. Dünya irəli baxır, Nəcəf geri qayıtmaq istəyir. Rəhmətlik şairimiz Qabil demişkən, müsibət oluruq biz, səhv düşəndə yerimiz...

Həmid
 

Xəbər xətti