Elə bilmə o dəhşətli yanğın bitdi, batdı, getdi - hələ durur, davam edir 37!

13:49 - 26 May 2024

Mövsümün ortasında Mutunu istefaya göndərmişdilər, axırında da Bojoviçi yola saldılar. Mövsümün əvvəlində çempionluq mübarizəsində olmaqdan dəm vururdular, ortasında ikinci yeri və kuboku hədəflədilər, axırda isə beşinci oldular... 

"Neftçi"ni idarə eləyən hansı başdırsa, düşündüyü ilə elədikləri bir-birindən çox uzaqdır. Dediyi ilə elədiyi arasında məsafə o qədərdir ki, hədəflər də haradasa ortada itib-batır. 

Ötən mövsüm "Neftçi" kubokun finalında "Qəbələ"yə məğlub olanda, Rövşən Nəcəf stadionu tərk edərkən pərişanlığını gizlətməmiş və bununla böyük dəyişikliklərin anonsunu vermişdi. Elə də oldu -  Fərrux Mahmudov icraçı-direktor gəldi, Kamil Məmmədov müşavir təyin olundu, Yens Anderson idman direktoru gətirildi, Zaur Əzizov ona köməkçi qaldı. Media Aysu İbrahimliyə, mətbuat Emin Əfəndiyə əmanət edildi. Qohumunu vəzifəyə gətirən kim, rəfiqəsinə iş verən kim. Demək olar ki, hamısının işi getdi, bir tək zavallı "Neftçi"dən başqa... 

Bu qədər dəyişikliyin nəticəsi o oldu ki, ötən mövsüm 3-cü yeri tutan və kubokda finala çıxan "Neftçi", bu mövsüm ümumiyyətlə avrokuboklara düşə bilmədi. Yəni, pis günlər bitib daha pis günlər başladı... 

"Neftçi" tərəfdarları ümid edir ki, bəlkə "başı daşa dəyən" rəhbərlik nəhayət düzgün qərarlar verər. Açığı, adamın inanmağı gəlmir. Futboldan uzaq adamları, bacarıqsız əcnəbiləri "Neftçi"də irəli çəkən o nə başdırsa, onun başçılığı altında klubu irəli aparmaq müşkül məsələyə oxşayır... 

Böyük şairimiz Xəlil Rza Ulutürkün "Davam edir 37" şeirindən məşhur misralarda deyildiyi kimi, hələ durur, davam edir 37! 

Həmid

Xəbər xətti