"Azərbaycana gəlsə, bir çox komandalar Şahruddinə öz qapılarını aça bilər"

18:51 - 27 May 2024

"Adana Demirspor"da çıxış edən Şahruddin Məhəmmədəliyevin Azərbaycana qayıtmaq ehtimalı var. 29 yaşlı qolkiperin Türkiyədə karyerasını davam etdirməsi, yoxsa Azərbaycana qayıtmasının daha faydayı olacağı müzakirə mövzusudur.

Məsələ ilə bağlı fikirlərini öyrənmək üçün veteran qapıçı, hazırda Azərbaycanın U-17 milli komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışan Etibar Tarverdiyevlə əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən 50 yaşlı mütəxəssisin sözlərinə görə, Şahruddin istənilən yerdə rəqabətdən qalib çıxa bilər:

"Düşünürəm ki, Şahruddin hər yerdə rəqabətdən qalib çıxa bilir. Çünki, onun möhkəm xarakteri, iradəsi var, fədakardır. O, hər adamla rəqabət apara biləcək gücdədir. Azərbaycana gəlsə də, Türkiyədə qalsa da, Şahruddin hər komandada oynaya və xeyir verə bilər. Türkiyədə daha çox keyfiyyətli komandalar var.

Öz çempionatımıza gəlincə, bu mövsüm çox sıx qrafikdə keçdi, avrokuboklara vəsiqə qazanan komandalar son turda müəyyənləşdi. Azərbaycana gəlsə, bir çox komandalar Şahruddinə öz qapılarını aça bilər. Harada olması elə də böyük fərq etməz. Şahruddin öz bacarığı və keyfiyyəti ilə hər şeyin öhdəsində gələ bilər. O, milli komandaya da xeyir verə biləcək gücdədir".

Elçin Əlixan

Xəbər xətti