Gedən qayıtmaq istəyir - indi də Kadi 

17:07 - 2 İyun 2024

"Qarabağ" həqiqətən çox maraqlı klubdur. Özü də hərtərəfli. Bəlkə lap elə dünya futbolunda belə bir klub çətin tapıla ki, futbolçunu həm futbolçu etməyə çalışar, həm də adam kimi adam. Qurban Qurbanovun əlinin altına düşən futbolçu ya onun qaydalarına və yaşamına uyğunlaşmalıdır, ya da "Qarabağ"da çox qalacağı inandırıcı deyil. 

Buna bir misal da Andrey Lunyov. Rusiyalı qapıçı yol üstədir. Nə klub onu saxlamaq istəyir, nə də özü qalmaqda maraqlıdır. Lunyovu narazı salan pul məsələləridir, Qurbanovun xoşuna gəlməyən onun davranışı. Agentinin boş-boş danışmağı bir yana, özü də bütün günü burnunu sallayıb deyinə-deyinə gəzir. Qurban Qurbanovun olduğu yerdə isə belə davranış yolverilməzdir. Hətta ən güclü futbolçuya belə mütləq şəkildə qapını göstərəcəklər. 

Bir çoxları kimi o da "Qarabağ"a bitmiş futbolçu qismində gəlmişdi. Lakin bir mövsümün içində Rusiya millisinə də dəvət aldı, başqa təklifləri də var. Tək Lunyov yox, elə Benzianın özünü götürək. Qurban Qurbanov onu yenidən futbola qaytardı. O da öz millisinə qaytarıldı, ona da xarici klublardan maraq var. Romao, Yankoviç və digərlərini də düşünün. "Qarabağ"ın havası çoxlarına düşüb, Qurban Qurbanov çoxlarını yeni səviyyəyə qaldırıb. 

Elə bundandır ki, gedən qayıtmaq istəyir. Almeyda, Reynaldo, Gerye... Ən axırıncı Patrik Andrade olub. Agentinin yararsız məsləhətləri ilə "Qarabağ"ı "Partizan"a dəyişmişdi. Qapını möhkəm çırpıb getməklə deyil ki... Cəmi bir ildən sonra peşman olub qayıtdı. Amma həmin bir ilin içində necə gerilədisə, gəlişindən bir il keçib, əvvəlki formasını qaytara bilmir. 

İndi də Kadi qayıtmaq istəyir. Əslində "Qarabağ"ın gücünə güc qata bilər. Çoxları təfərrüatları bilməsə də, Kadi gedərkən Qurban Qurbanov onu saxlamağa çox cəhd eləmişdi. Amma şeirlərdə deyildiyi kimi, gedəni saxlamaq olmamışdı. 

Həm Kadi, həm də digərlərinin başına gələnlər "Qarabağ"ın futbolçularına dərs olmalıdır. Getmək asandır, gedəndən sonra həmin səviyyədə qalmaq çətin. 

Həmid

Xəbər xətti