Ayrılıqlar adətən duyğusal olur. Vidalaşmağın səbəbi nə olursa olsun, arada yaşananlar tərəflərin yaddaşında bir iz buraxır. Lakin Lunyovun "Qarabağ"la ayrılması heç nəylə müşayiət olunmadı. Sakit tərzdə sağollaşdılar. Çünki "Qarabağ"la Lunyovun məsələsində hər iki tərəf həm məmnundu, həm də deyil...
Belə baxanda, arxada qalan mövsüm "Qarabağ" üçün də, Lunyov üçün də kifayət qədər uğurlu alınmışdı. Rusiyalı qapıçının gəlişi ilə klub avrokuboklarda yeni tarix yazmış, Lunyov özü isə uğurlu çıxışıyla diqqətləri üzərinə çəkə bilmişdi. Buna rəğmən cəmi bir mövsümün tamamında "Qarabağ" Lunyovla vidalaşmaq qərarına gəldi.
Son vaxtlar Lunyovla bağlı iki ciddi problem ortaya çıxmışdı. Biri düzələn idi, o biri çətin düzələnə oxşayırdı. Birincisi onun performansı ilə bağlıydı. İlk gəldiyi vaxtlarda möhtəşəm təsir bağışlayan qapıçı zaman keçdikcə geriləməyə başlamışdı. Bu, müxtəlif səbəblərə bağlı ola bilərdi - rejim, köklənmə, məşqlərin səviyyəsi və s. Hər halda geriləmənin səbəblərini bilib istedadlı qapıçını yenidən əvvəlki səviyyəsinə qaldırmaq mümkün idi.
İkinci, düzəlməyi çətinə bənzəyən problem isə onun xarakteriylə bağlıydı. Tez-tez maliyyə məsələlərini qabardan, deyingənliyi ilə klubdakıları bezdirən bu adamı məmnun eləmək alınmırdı. Futbolçuların davranışına ciddi önəm verən, bu mövzuda heç kimə güzəştə getməyən Qurban Qurbanovun Lunyovun hərəkətlərinə göz yummayacağı bəlli idi.
Bu gün ayrılıq rəsmiləşdi. "Qarabağ" özünə yeni qapıçı, Lunyov da özünə yeni klub axtarmağa başladı. Bu illər ərzində "Qarabağ"dan çox futbolçu gəlib keçib. Elələri olub ki, yeri görünüb, getməsinə təəssüflənmişik də. Amma buna rəğmən "Qarabağ" uğurlu olmağa davam edib. Lakin gedənlərin heç də hamısı getdiyi yerdə özünü tapa bilməyib.
Lunyov "Qarabağ"a xeyir verdi. Şərtlərə uyğunlaşıb qalsaydı, bəlkə daha çox xeyir verə bilərdi. Lakin bu "Qarabağ"ı ayaqda saxlayan, uğurlara daşıyan Qurban Qurbanovun intizam üzərində qurulmuş sistemidir. Bunu nə Lunyov, nə də bir başqasına görə pozmaq olar. Fərdlər gəldi-gedərdi. Qalıcı olan Qurban Qurbanov və onun şah əsəri "Qarabağ"dır!
Həmid
saytlarin hazirlanmasi