Millimiz Macarıstanda Albaniya qarşısına çıxdı. Yoldaşlıq oyunuydu. Belə matçlarda nə məğlubiyyət qorxuludu, nə də qələbə qürurverici. Oyunun əhəmiyyətini artıran əsas məqam rəqibin Avropa çempionatının iştirakçılarından olması idi. Yəni, Albaniya bu görüşdə yolaverdi oynaya bilməzdi və taktiki gedişlərdən tutmuş intensivliyə qədər bütün elementlərə diqqət yetirməli idi.
Millimizin oyunun əvvəllərində buraxdığı qol Şahruddin Məhəmmədəliyevlə bağlı oldu. Çərçivəni itirən təcrübəli qapıçı uzaq məsafədən qol buraxdı. Bəlkə bizimkiləri ayıldan qol oldu, ya da ki dəqiqələr keçdikcə oyunun ruhunu tuta bildilər. Səbəb hər nə oldusa, buraxılan qoldan sonra daha yaxşı oyun sərgilədilər. Topa nəzarət etməklə rəqibin müdafiəsini yarmaq cəhdləri görməyə başladıq. Baş məşqçi Arif Əsədovun heyət seçimi ümumən qənaətbəxş olsa da, meydana cinah müdafiəçisi kimi çıxan Rahil Məmmədov mövqe üzrə doğru tərcihə bənzəmirdi. Təcrübəli mütəxəssis özü də bunu sezdi və Rahili Qismət Alıyevlə əvəzlədi.
İkinci hissə tamamən millimizin üstünlüyü ilə keçdi. Oyuna nəzarət edən komanda üzvlərimiz maraqlı kombinasiyalar həyata keçirib bir neçə dəfə qola yaxın oldular. "Qarabağ"a qoşulandan sonra oyun praktikası sarıdan əziyyət çəkən Aleksey İsayev millinin heyətində ən yaxşı matçlarından birini keçirtdi. Xüsusən ikinci hissədə məhz onun dirijorluğu sayəsində hücumların ahəngi ürək açmağa başladı. Lakin hücumlara aludə olaraq əks-hücumlarda daha iki qol yedik. Gücümüz Musa Qurbanlının təsəlli qoluna çatdı. Yeri gəlmişkən, cərimə zərbəsindən sonra vurduğumuz qol göz oxşadı.
1:3 hesabı ilə məğlub olduq. Məğlubiyyətlərdən bezən azarkeşlər narazıdılar. Yenə tənqid eşidəcək milli üzvlərimiz. Lakin matça baxan mütəxəssislər də gördü ki, hesab oyuna görə olmadı. Dəfələrlə qol epizodlarını boşa verən millimizin qapısında 3 təhlükə yarandı, 3-ü də qol oldu... Bəzən belə də olur.
Məğlubiyyətə rəğmən Arif Əsədovun komandanı oyuna yaxşı hazırladığını deməliyik. Millimiz məğlub oldu, amma futbol oynadı. Başqa cür desək, biz oynadıq, onlar uddu...
Həmid
saytlarin hazirlanmasi