Gecikən Elvin Bədəlov - millinin yorğun müdafiə xəttinə yeni nəfəs

12:21 - 9 İyun 2024

Millimizin Albaniya yığması ilə oyunu ikili təəssüratlar yaratdı. Yığmamız bir tərəfdən müdafiədə ciddi səhvlərlə yadda qaldısa, o biri tərəfdən hücumda maraqlı kombinasiyalar həyata keçirə bildi. Musa Qurbanlının vurduğu qol da baxımlı oldu. Ona qədər Ceyhun Nuriyevin zərgər dəqiqliyi ilə Elvin Cəfərquliyevi zərbə mövqeyinə çıxarmağını və bir neçə kəsərli hücumu qeyd etmək olar. 

Lakin bir reallıq da var. Bizim futbolçular o səviyyədə deyillər ki, belə rəqiblə oyunda üç qol buraxıb dördünü vura bilsinlər. Ona görə də ilk növbədə müdafiəni etibarlı qurmaq lazımdır. Albaniya ilə oyunda qapıçı səhvi, müdafiə xəttinin inamsız oyunu qapımızda 3 qol görməyimizlə nəticələndi. Adi gözlə baxanda da görünür ki, milli üzvlərinin bəziləri formasından uzaqdı, bəziləri yorğundu. 

Ümidsiz görünən mövqelərdən biri də müdafiənin mərkəzidi. Bəhlul-Bədavi tandemində yorğunluq açıq-aşkar hiss olunmaqdadır. "Qarabağ"da ağır mövsüm keçirən cütlüyün gücü tükənənə bənzəyir. Qarşıda isə Qazaxıstanla oyun var...

Viza probleminə görə Macarıstana gec gələn, Albaniya ilə oyunda iştirak etməyən Elvin Bədəlov artıq düşərgədədir. Qazaxıstanla oyunda ondan yararlanmaq mümkündür. "Sumqayıt"da əla mövsüm keçirən stoperi millidə də sınamaq lazımdır. Yorğun görünən müdafiəmizə Qazaxıstanla oyunda bəlkə də məhz Elvin Bədəlov yardımçı olar. 

Həmid

Xəbər xətti