Milli komanda Albaniyaya 0:3 hesablı biabırçı məğlubiyyətdən yaxa qurtara bildi – 1:3. Belə. Pozitiv baxmaq üçün çalışanda ən uyğun cümlə belə alına bilər.
Lakin baş məşqçi əvəzi (?) Arif Əsədov daha da irəli gedərək pozitivliyin tavanını tapıb: “nəticədən narazı, oyundan razı qaldım”.
Ümumən, nəticəyə görə qıcıqlandırıcı fikirdir. Məsələn, sosial şəbəkə hesablarında baş məşqçinin oyunsonrası mətbuat konfransını bu başlıqla dərc etmişik, oxucular əsəbi məzmunlu şərhlərlə reaksiya verir. Rəhmətlik Zəlimxan Yaqub demiş, əmbə…
Amma həqiqətən, milli bu dəfə “dişli”, cəsarətli göründü. OK, uduzub, əsəbisiniz, ancaq oynanılan futbola qiymət də verilməlidir axı…
Düşünürəm ki, uzun zaman idi, millimiz bu cür yaradıcı və təşəbbüskar futbola cəhd etmirdi. Subyektiv: Emin Mahmudov bir az da gec çıxarılsaydı, ikinci hissəyə başlayan kimi ələ aldığımız üstünlüyü qola çevirmək ehtimalı böyük idi. Əsədov Albaniyaya qarşı daha çox oyunçunu sınadı, sanki nəticəyə hesablanmış yanaşma sərgiləmədi.
Onsuz da mərkəzdə yaradıcı oyunçumuz qıtdır, bir də bu qıtlığın üstünə Mahmudovu da çıxar – müdafiə ilə irəlinin şəbəkəsi itdi. Oyunumuz şaxələnə bilmədi. Top itkiləri artdı. Rəqibdə inam yüksəldi və ardıcıl hücumlar təşkil etməyə başladılar. Elə kor-koranə hücumlarımıza qarşı qurulan sürətli əks-hücumlarda gah müdafiəmizin səhvindən qol buraxdıq, gah da kombinasiyalı əks-hücumun qarşısında aciz qaldıq.
Kəsəsi, qəribçiliyə almayaq, Əsədovun sözündə həqiqət var. Rəqib bir neçə gün sonra başlayacaq Avropa Çempionatına hazırlaşırdı. Bu səbəbdən formasının/motivasiyasının pikindədir. Həm də fərdi keyfiyyətləri bizdən xeyli üstün bir komanda ilə….
Məğlubiyyət gözlənən idi. Lakin nəzəri dəyərləndirməylə yığmanın oyununu heç-heçəlik səviyyəsində səciyyələndirmək mümkündür. Bundan başqa, hiss olunur ki, millinin oyununa xəfif də olsa bir nizam gəlib. Belə davam etsə…
Kamil Əhməd, Futbolpress
saytlarin hazirlanmasi