Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Fəqan Fətiyev (45 kq) türkiyəli Buğra Kavaka 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Fəqan sabah təsəlliverici görüşdə bolqarıstanlı Kamen İvanovla qarşılaşacaq.
Muhamməd İsmayılov (51 kq) ukraynalı Roman Şevçenkoya (11:0), belaruslu Qleb Piatrova (6:2) və gürcüstanlı Mate Tsinadzeyə (3:0) qalib gələrək finala yüksəlib. Muhamməd qızıl medal uğrunda rusiyalı Ralan Şoqenovla mübarizə aparacaq.
Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkar (3:2), fransalı Alixan Kaxriyev (5:0) və türkiyəli Bilal İnce (3:0) üzərində qələbə qazanaraq adını finala yazdırıb. Hüseyn həlledici görüşdə rusiyalı İbrahimqadji Maqomedovla güləşəcək.
Qəzənfər Kazımlı (71 kq) ermənistanlı Narek Hovannisyanla (14:1) italiyalı Qabriele Pavona (13:2) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda moldovalı Katalin Spinuya 0:11 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Qəzənfər sabah təsəlliverici görüşdə Deklan Blih (İrlandiya) – David Kodakov (İspaniya) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.
Fərhad Süleymanlı (92 kq) polşalı David Rutkovskiyə (10:0) tam üstünlüklə qalib gəlsə də, 1/4 finalda yunanıstanlı Nikolaos Karavanosa 4:6 hesabıyla məğlub oldu. Rəqib finala yüksəldiyi üçün Fərhad sabah təsəlliverici görüşdə macarıstanlı Yussef Solimanla qarşılaşacaq.
saytlarin hazirlanmasi