İrlandiya yığmasına namizəd olan, AFFA-nın Azərbaycan millisinə layiq görmədiyi adam - içimiz özümüzü yandırır, çölümüz özgəni 

16:17 - 11 İyul 2024

İrlandiya mətbuatında maraqlı məlumat yayılıb. Bu ölkənin millisini çalışdırmağa namizədlər arasında Roy Kin, Qustavo Poyet kimi mütəxəssislərlə yanaşı Qurban Qurbanovun da adı olub. 

Qürurverici hadisədir. Artıq Avropa futbolunda da Qurban Qurbanovun personasına maraq böyüyür. Kiçik imkanlarla, Avropanın aparıcı klubları ilə müqayisədə hətta ortababdan da aşağı səviyyəli oyunçularla ortaya ciddi iş qoyan azərbaycanlı mütəxəssis adından söz etdirə bilib. 

Lakin məsələnin üzücü tərəfi də var. Necə ola bilər ki, Xabi Alonsodan tutmuş "Qarabağ"a rəqib olan digər əksər klubların məşqçiləri tərəfindən yüksək qiymətləndirilən bu adama ölkəsində lazımı dəyər verilməsin... Əslində, cəmiyyət, insanlar Qurban Qurbanovu çox sevir, elədiklərinə ehtiramla yanaşırlar. 

Təəssüf ki, Qurbanov AFFA-dan eyni münasibəti görmür. Əvvəllər bunun səbəbini federasiyanın sabiq idarəçisi Elxan Məmmədovda görürdülər. Məmmədov həqiqətən də Qurban Qurbanovu istəyən adam deyildi. Qurban müəllim milliyə rəhbərlik edəndə də, məhz Elxan Məmmədovun "səyləri" nəticəsində postunu itirmişdi. 

Lakin Qurban Qurbanova olan münasibət Elxan Məmmədovun gedişindən sonra da dəyişmədi. Sadəcə görüntü olaraq Qurbanova İcraiyyə Komitəsində yer verildi. Amma hadisələrin sonrakı gedişatı göstərdi ki, AFFA-dakıların niyyəti Qurban Qurbanova etimad göstərmək yox, onun adının arxasında gizlənmək imiş. Bu məsələdə Qurban Qurbanov da ciddi səhvə yol verdi. Yuxarıların sözünü yerə salmamaq üçün ikinci dəfə eyni səhvi təkrarladi. Qurbanov nə o vaxt milliyə baş məşqçi getməli idi, nə də indi İcraiyyə Komitəsinə üzv. 

İK-ya üzvlük məsələsi ortaya çıxanda, ilk növbədə indiki tərkibdə orada yer almasının doğru olmadığını deməliydi. On üç nəfərlik heyətdə ondan başqa ölkə futbolunda sayılıb-seçilən bir adamın belə olmadığını görə-görə, bunun onun özü üçün də yaxşı hal sayılmadığını bilə-bilə yenə də razılaşdı İK-ya üzv olmağa... Bunun nəticəsidir ki, Qurban Qurbanov hal-hazırda İcraiyyə Komitəsində müşahidəçi rolu alır, qərar verən deyil! 

AFFA-nın ona bəslədiyi münasibətə gəlincə, görünən kəndə bələdçi lazım deyil. İrlandiya Futbol Federasiyası onu öz millisinin başında görmək barədə düşünüb, AFFA isə hər şey edib ki, Qurban Qurbanov millimizdə çalışmasın. İrlandiya yığmasına Heymir Hadlqrimsson, Azərbaycan millisinə isə Fernando Santuş rəhbərlik edəcək. Faciə ondadır ki, azərbaycanlı Qurban Qurbanov İrlandiya millisini çalışdırmağa namizədlər arasında yer alıb, Azərbaycan millisinin baş məşqçi postuna isə heç namizədliyi də müzakirəyə çıxarılmayıb...

Həmid

Xəbər xətti