Premyer Liqamızın ən etibarlı müdafiəsinin Avropa Liqasında necə təsir bağışlayacağı maraqlı idi. Bizim çempionatda "Zirə"nin qapısına qol vurmaq çətin tapşırıqdı klublar üçün. Lakin avrokubok oyunları fərqlidir. Elə buradakı rəqiblərin səviyyəsi də.
Püşk ilk mərhələdə "Zirə"yə böyük avrokubok təcrübəsinə malik "Şerif"i rəqib etdi. Hər nə qədər Moldova klubunun əvvəlki gücdə olmadığı deyilsə də, "Şerif" həm büdcəsinə, həm də heyətdəki futbolçuların səviyyəsinə görə "Zirə"dən üstün komandadır.
Bu qarşıdurmalarda əsas ümid Rəşad Sadıqovun taktiki savadına, konkret rəqiblərə qarşı düzgün hazırlaşmaq bacarığınadır. Ki, səfərdə baş tutan oyunda məhz bunu görə bildik "Zirə"nin ifasında. Görməyə alışdığımız kompakt müdafiə, sürətli əks-hücumlar, futbolçularda döyüşkən ruh və sona qədər oyun intizamından qopmayan kollektiv.
Hamıdan çox elə Rəşad Sadıqov anlayır ki, hələ heç nə həll olunmayıb. O, "Qarabağ"ın kapitanı kimi o qədər belə oyunlar görüb ki, mövcud durumu çətin ki ondan yaxşı hiss eləyə bilən olsun. "Şerif" Bakıya daha hirsli gələcək, daha yaxşı hazırlaşacaqlar, obrazlı ifadə eləsək, cavab oyununda qan su yerinə axacaq.
Hələ ki, "Zirə"nin ölkəmizə qazandırdığı reytinq xallarına görə sevinək. Qismət olarsa, bir həftə sonra mərhələni adlamağımıza görə də sevinərik.
Həmid
saytlarin hazirlanmasi