"Neftçi"nin SOCAR-ın balansından çıxarılması - reallıq, yoxsa utopiya?

22:00 - 14 İyul 2024

Sosial şəbəkələrdə çox tez-tez belə fikirlər səslənir ki, "Neftçi"nin inkişaf etməsi üçün klub SOCAR-ın balansından çıxarılmalıdır. Bu fikri irəli sürənlərin ümidi onadır ki, klub hansısa sahibkarın olsa, daha yaxşı idarə edilər. Yəni, indiki halda dövlətin pulunu necə gəldi xərcləyirlər, amma "Neftçi" hər hansı iş adamına məxsus olsa, maliyyə daha düzgün idarə olunar və bu, uğurlu nəticələrə gətirib çıxara bilər. 

Ümumən götürəndə, deyilən fikirlərdə məntiq var. Rəhbər öz puluna daha həssas yanaşır, nəinki dövlətin. Amma birmənalı şəkildə rəy vermək çətindir. Birincisi ona görə ki, Azərbaycanda iş adamları futbol klublarına sponsorluq etməkdə maraqlı deyillər. Söhbətin "Neftçi" kimi klubdan getməsini nəzərə alanda, ona sponsorluq edənin də böyük iş adamı olmağı vacibdir. Elə adam olmalıdır ki, kluba illik 20-25 milyon manat yatırım eləsin. Hal-hazırda beləsini tapmaq müşkül məsələdir. 

İkincisi, Azərbaycan futbolunda iş adamlarına məxsus, böyük büdcəli klublar da görmüşük bu günə qədər. Lakin heç də hamısı uğurlu olmayıb. Yəni, sahibkarın imkanlı olması yetərli deyil, həm də işə yanaşması doğru olmalıdır. 

Məsələyə real yanaşsaq, ümid elə SOCAR-a qalıb. "Neftçi"yə böyük büdcə ayırıblar. Tarixi klubumuz pul baxımından korluq çəkmir. Qalır həmin pulu doğru istiqamətdə xərcləmək. Ötən mövsüm olduğu kimi, bu mövsüm də pul özgənin, mal özgənin təfəkkürü ilə işə yanaşsalar, yenə də uğur olmayacaq! 

Həmid

Xəbər xətti