Samir Abasov: "Bütün planlarımız alt-üst oldu"

23:35 - 25 İyul 2024

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Fehervar"a 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun əvvəlində çətin vəziyyətlə üzləşdik, azlıqda qaldıq. Buna görə hərəkət etməli idik. Bütün planlarımız alt-üst oldu. Qol vurduq, yaxşı oynamağa başlamışdıq. İstəmədiyimiz hal baş verdi. İkinci oyun bundan da çətin olacaq. Üstünlük rəqibdədir. Amma bəzi yaxşı epizodların üzərində dayanıb futbolçuları cavab oyununa yaxşı kökləməyə çalışacağıq.

- Qırmızı vərəqə olmasaydı, nəticə fərqli olardı?

- 100 faiz. Ümidlərimiz də fərqli olardı. İndi həddindən artıq problemlər yaşayırıq. Bizim komandamız budur. Qırmızı vərəqə olmasaydı, yenə bu heyət oynayacaqdı. Heyətlə bağlı çətinliklərimiz var. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik.

- Bu nəticədən sonra şansları necə dəyərləndirirsiniz?

- 30 faiz. Rəqibin üstünlüyü 70 faizdir. Şansımızdan istifadə etməyə çalışacağıq.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Epizodlara baxmamışam. Həddən çox sarı vərəqələr oldu. Hakim sanki oyuna köklənməmişdi.

Xəbər xətti