"Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirməkdir"

13:22 - 26 İyul 2024

"Şamaxı"nın kapitanı Adil Nağıyev Sportal.az saytına açıqlama verib.

28 yaşlı mərkəz müdafiəçisi komandanın mövsümə hazırlığını dəyərləndirib. Təcrübəli oyunçu hazırlıq matçlarındakı nəticələrin önəmli olmadığını bildirib:

"Yoxlama oyunlarında nəticənin heç bir əhəmiyyəti olmur. Sadəcə komandanın həmin vaxtkı fiziki durumu, hazırkı vəziyyətinin nə yerdə olduğunu görmək daha önəmlidir. Üstəlik, yoxlama matçlarında görürsən ki, komandada oyundan-oyuna inkişaf var, ya yox. Matçları da yorğunluq fonunda keçiririk. İstəyirik bu oyunlarda hər kəs özünün daha yaxşısını yığsın və çempionata hazır olaq. Məncə, komanda çempionata 70-80 faiz hazır olar".

Nağıyev hədəflərinin Premyer Liqada möhkəmlənmək olduğunu deyib:

"Yaxşı kollektivimiz var. Həm legioner, həm də yerli oyunçularımız çalışır ki, komandaya tez adaptasiya olsun. Əsas odur ki, komandamız ailə kimidir. Mən iki il əvvəl də "Şamaxı"da oynamışam. Fikrimcə, indiki komanda daha güclüdür. O vaxtkı komanda sırf yerli futbolçulardan toplaşmışdı. Premyer Liqada debüt edirdilər, təcrübə yox idi. Ancaq indi təcrübəli, həm də legionerlərimiz var. Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək və bacardığımız qədər yuxarı qalxmaqdır".

Mirbağırağa

Xəbər xətti