Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəldi

22:56 - 2 Sentyabr 2024

Bu gün İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıb.

Rahim Həsənov (55 kq) çexiyalı Filip Bartoşiklə (8:0) Səudiyyə Ərəbistan təmsilçisi Hasan Alhartiyə (11:2) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda iranlı Abdullah Əhmədiyə 1:6 hesabıyla məğlub olub. Həsənov sabah təsəlliverici görüşdə çinli Huoyinq Şi ilə qarşılaşacaq.

Məhəmməd Şükürzadə (63 kq) bolqarıstanlı Xristo Valentinovla (7:0) çinli Ziyu Vanqı (2:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Erzu Zakriyevə “tuş”la uduzub. Şükürzadə təsəlliverici görüşdə moldovalı Pavel Denisenko ilə üz-üzə gələcək.

Davud Məmmədov (77 kq) təsnifat mərhələsində moldovalı Aleksandru Soloveylə bacarmayıb – 0:8.

Cocu Səmədov (87 kq) 1/8 finalda serbiyalı Andriya Mixaloviç üzərində inamlı qələbə qazanıb – 5:1. Səmədov növbəti mərhələdə ermənistanlı Ruben Gevorqyanla gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb – 3:1. Qazaxıstanlı Temirlan Turdakini də 4:2 hesabıyla üstələyən Cocu adını finala yazdırıb. Güləşçimiz həlledici qarşılaşmada qırğızıstanlı Asan Janişovla dünya çempionluğu uğrunda mübarizə aparacaq.

Məzaim Mərdanov (130 kq) serbiyalı Marko Supikə 2:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Əbülfəz Fatitazanqiyə məğlub olub – 5:9. Mərdanov sabah təsəlliverici görüşdə qırğızıstanlı Samaqan Ormonovla güləşəcək.

Xəbər xətti