İşsiz futbol adamları, iki mühüm vəzifə daşıyan Sərxan Hacıyev - AFFA-ya yeni baş katib lazım deyil?

10:44 - 16 Sentyabr 2024

AFFA-da keçirilən prezident seçkilərindən yarım ilə yaxın vaxt keçib. Hər ötən gün  futbolumuzun inkişaf edəcəyinə olan ümidlərimizi bir az da azaldır. Gələcəyə inamla baxmağımız üçün nə bir işartı var, nə də bir qığılcım... 

Daha çox İcraiyyə Komitəsinə yığışıb, söhbət eləyib dağılışmaqla yadda qalır yeni AFFA rəhbərliyi. Konkretlik azdır. Vəziyyət o yerə çatıb ki, İK səviyyəsində olmayan məsələləri də burada müzakirəyə çıxarırlar. Təki nəsə qərarlar olsun. İndiki AFFA bir növ Leonid Brejnevin rəhbəri olduğu SSRİ-nin "zastoy"  dövrünü xatırladır. 

Açıq qalan məsələlərdən biri də AFFA-ya hələ də yeni baş katibin təyin olunmaması ilə bağlıdır. İcraiyyə Komitəsinin son iclasında nəhayət ki, təyinatın baş tutacağı gözlənilsə də, bir səs çıxmadı. 

Məsələyə aydınlıq gətirmək üçün qurumun sözçüsü Elnur Məmmədli ilə əlaqə saxladıq. Cavabı çox lakonik oldu: "Katiblik də Sərxan Hacıyevə həvalə olunub. Hazırda bu məsələ ilə bağlı yenilik yoxdur". 

Deyəsən, heç AFFA-ya baş katib axtaran da yoxdur. O qədər işsiz futbol adamının olduğu ölkədə bir adam iki mühüm vəzifə daşıyır. Rövşən Nəcəf də bunu normal qarşılayır. Səbəbi aydındır. Heç kimi yaxına buraxmaq istəmirlər. Ya gərək öz içlərindən kimisə baş katib vəzifəsinə qoysunlar, ya da bu qaydada davam etsinlər. 

Həmid

Xəbər xətti