Qurban Qurbanov təşəkkür edir, Rövşən Nəcəf görməzdən gəlir - AFFA-nın yaxına buraxmadığı iş adamı

23:19 - 29 Sentyabr 2024

"Qarabağ"ın "Sabah"la oyunundan sonra media nümayəndələri qarşısına çıxan Qurban Qurbanova futbolumuzun indiki durumu, gələcəyi ilə bağlı suallar verilib. Təcrübəli mütəxəssisin cavablarında naməlumluqla bədbinlik bir-birinə qarışıb. Qurban Qurbanov futbolumuzu necə görmək istədiyini deyib, amma nə işlərin görüləcəyi ilə bağlı dəqiq heç nə deyə bilməyib. 

Xoş mənzərə deyil. Futbolumuzda Qurban Qurbanov kimi dağdan ağır bir adamın İcraiyyə Komitəsinin üzvü kimi deməyə sözü yoxdur. Ona görə də demək olar ki, futbolumuzla bağlı sualların əksəriyyətinə eyni cavabı verib - "xarici şirkətlər inkişaf planı hazırlayacaq, AFFA məlumat verəcək..." 

Burada sual yaranır ki, futbol həvəskarları/azarkeşlərinin yığışdığı İK-da Qurban Qurbanov kimi peşəkarın nə işi var axı... Əslində, cavabsız suallar çoxdur. Axı, çoxluğun ümidi ona idi. Hamı gözləyirdi ki, Qurban Qurbanovun İK-da bir sözü iki olmayacaq. Lakin belə görünür ki, futbolu ələ keçirən dəstəyə Qurban Qurbanovun adı lazımıydı. İşi öz bildikləri kimi, öz çevrələrində olanlar və əcnəbilərlə görəcək(di)lər. 

Bugünkü mətbuat konfransında Qurban Qurbanov "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyevə təşəkkür eləyib. Onun futbola yatırımını, inkişaf üçün gördüyü işləri yüksək qiymətləndirib. Həqiqətən də Ehtiram bəy bu gün Azərbaycan futbolunda cibinin pulunu xərcləyən tək iş adamıdı. Digər klublar ya nəhəng holdinq və dövlət şirkətləri, ya da məmurlar hesabına maliyyələşir. 

Yaxşı olardı ki, Qurban Qurbanov İK-ya üzv seçilməmişdən qabaq Ehtiram bəylə bağlı məsələni ictimailəşdirərdi. Rövşən Nəcəf və futbolumuzdakı daha ali rəhbərlik qarşısında məsələ qaldırardı ki, Ehtiram Quliyevi də İK-ya üzv seçsinlər. Hamı bilir ki, İK üzvlüyü təyinatdır. Kimi məsləhət biliblərsə, otuzdurublar İcraiyyə Komitəsində. Ehtiram Quliyev kimi adam mütləq orada əyləşməliydi. İndiki halda onun barəsində danışmaq yaxşıdır, amma gecdir... 

Həmid

Xəbər xətti