AFFA-da yeni strategiyanın hazırlanması ilə bağlı görüşlər keçirilir. Strategiyanı hazırlamalı olan xarici şirkətlərin nümayəndələri yerli mütəxəssislərdən məsləhətlər alırlar. Tərsinə etsəydilər, strategiyanı yerli mütəxəssislər hazırlayıb əcnəbilərdən bəzi məsləhətlər alsaydı, daha doğru olmazdımı...
Yerli mütəxəssislərə "qara camaat" gözü ilə baxan AFFA rəhbərliyinin əcnəbilər qala-qala bu işi bizimkilərə tapşıracağı əvvəldən də inandırıcı deyildi. Futbolumuzun başında əyləşənlər üçün yaxşı mütəxəssis İcraiyyə Komitəsində təmsil olunan zavod direktoru, şirkət rəhbəri, bankir və s. peşə sahibləri və ya rusdilli çevrənin nümayəndələridir.
Tahir Süleymanov, Yaşar Seyidov, Səbuhi Səfiyarlı kimi futbol adamlarının xarici şirkətlərin nümayəndələri ilə görüşə çağırılması isə sadəcə görüntüdür. Həm də situasiya özü belə absurddur. AFFA rəhbərliyi pulu əcnəbilərə verir, strategiyanı sanki yerlilərdən gözləyir.
Söz Tahir Süleymanov və başqalarından düşmüşkən, ortaya ayrı sual çıxır. AFFA rəhbərliyi onları futbol adamları kimi qəbul edirsə, niyə İK-da onlar yox, futboldan çox-çox uzaq adamlar əyləşiblər? Azərbaycan futbolunun müqəddəratı İcraiyyə Komitəsində həll olunmalı(y)dı. Lakin vəzifəbaz dəstə oranı da ələ keçirib dost-aşna arasında bölüşdürdü. Arxada qalan yarım il göstərdi ki, belə tərkibli İcraiyyə Komitəsi heç bir işə yaramır. Ayda bir-iki dəfə yığışıb ibtidai səviyyədə futboldan danışıb dağılışırlar.
O ki, qaldı Tahir müəllim və digər futbol adamlarımıza, onlara ölkə futbolunun idarəetməsində yer yoxdur. Səbəbi də çox sadədir. Çünki Tahir Süleymanov bizim kimi sıravi vətəndaşdır. AFFA-da vəzifə almaq üçün isə ya rusdilli çevrədən olmalısan, ya da məmur. Sıradan bir adamı kimdir axı AFFA rəhbərliyinə yaxın buraxan... İstəyirsən futbol adamı ol, istəyirsən Allah adamı. Onların ətrafında yalnız öz adamlarına yer var, vəssalam!
Strategiyanın hazırlanması ilə bağlı görüşlərə gəlincə, yerli mütəxəssislərdən alınan fikirləri hazır şablonlara əlavə edib verəcəklər AFFA-nın əlinə. Pullarını alıb deyəcəklər, bu da sizə strategiya. Sonrası əcnəbilərə maraqlı deyil. Elə bir strategiya verəcəklər ki, icrası 100 milyonlarla manat tələb edəcək. AFFA o pulu böyük ehtimalla ayırmayacaq, strategiya ala-yarımçıq həyata keçiriləcək, 5-10 il də belə itiriləcək.
Həmid
saytlarin hazirlanmasi