Yunis Hüseynovdan tutmuş, Fuad Musayevin Avropaya yolunu kəsdiyi Zaur Tağızadəyə qədər... - gürcülərlə fərqimiz

11:39 - 7 Oktyabr 2024

Gürcülər sovet dönəmində də futbolda bizdən üstün olublar. "Dinamo" Tbilisi 2 dəfə SSRİ çempionu, 2 dəfə də SSRİ kubokunun qalibi olub. 1980/1981-ci il mövsümündə UEFA Kuboklar Kubokunu qazanıb. 

Bizim "Neftçi"miz isə vur-tut bir dəfə, 1966-cı ildə SSRİ çempionatının bürünc mükafatçısı olub. Vəssalam! İllər keçdikcə ümumiyyətlə iddiasızlaşan təmsilçimiz SSRİ çempionatlarında vaxt keçirməklə məşğul olub. Heç bir ciddi nəticə əldə edə bilməyib. Lakin vurğulumaq lazımdır ki, ötən əsrin 80-ci illərində İsgəndər Cavadov, Maşallah Əhmədov kimi futbolçularımız SSRİ miqyasında yaxşılardan sayılıblar, adlarından söz etdiriblər. 

Sovet İttifaqı dağılandan sonra keçmiş müttəfiq respublikaların futbolu fərqli şəkildə inkişaf etməyə başlayır. Gürcülər fürsətdən məharətlə yararlanıb Avropaya axın edirlər. Kinkladzenin sorağı "Mançester Siti"dən, Ketsbayanınkı "Nyukasl"dan gəlir. Zamanla Avropada çıxış eləyən gürcülərin sayı 400-ə çatır. Kaxa Kaladzedən Xviçaya qədər dünya çapında tanınmış futbolçular üzə çıxır Gürcüstan futbolunda. Nəhayət, bu il Avropa çempionatının final mərhələsində iştirak etməklə keçilən yolun məntiqi dayanacağına varırlar. 

SSRİ dağılanda bizim də yaxşı futbolçularımız var idi. "Dinamo" Moskvada yaxşı dönəm keçirən Vəli Qasımov "Real Betis"ə transfer olunsa da, Avropaya səs sala bilmədi. Nazim Süleymanov "Alaniya" ilə Rusiya çempionu oldu, deyilənə görə, "Liverpul"un maraq dairəsinə düşdü. Amma onun tanınmışlığı da Rusiya sərhədlərini aşmadı. 

Avropada oynaya biləcək ustalığa malik Yunis Hüseynov, Vidadi Rzayev kimi futbolçularımız isə öz istəksizlikləri ucbatından heç yerə çıxa bilmədilər. Ötən əsrin 90-cı illərinin ortasında Yunis Hüseynov "Lokomotiv" Moskvadan sərfəli təklif alıb. Hətta bir həftə Moskva klubunun heyətində də olub. Lakin orada qalmaq istəməyərək geri qayıdıb. 

Avropaya getmək şansı yaranan futbolçularımızdan biri də Zaur Tağızadə olub. Milli komandanın heyətində parlaq oyun sərgiləyən sürətli yarımmüdafiəçiyə İsveç klubundan təklif gəlir, lakin AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin 1 milyonluq tələbi qarşı tərəfin bu transferdən vaz keçməsinə gətirib çıxarır. Həmin vaxtlar Fuad Musayev bir neçə digər futbolçumuzun da keçidinə mane olur. Sonrakı illərdə çox cəhdlər olsa da, bizimkilər müxtəlif klublara getsə də,  Avropaya səs salacaq futbolçularımız üzə çıxmır. 

Gürcülərin futbolda bizdən üstün olmalarını genetik faktorlardan tutmuş bir çox səbəblərlə əlaqələndirmək olar. Bunlardan biri də SSRİ dağılanda gürcülərin Avropaya səpələndiyi halda bizim bu yolla gedə bilməməyimizdir. 

Həmid

Xəbər xətti