Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin birinci turu bir sıra maraqlı qarşılaşmalarla əlamətdar olacaq.
Samir Abasovu yenidən baş məşqçi postuna qaytaran “Neftçi” “Səbail”lə, birinci dövrənin son turunda “Neftçi” üzərində mövsümdəki ilk qələbəsini qazanan “Kəpəz” “Qarabağ”la, turnir cədvəlində qonşu olan, eyni xala malik, medallara iddialı iki komanda “Sabah” və “Zirə” bir-biri ilə, mövsümün sürprizlərindən “Şamaxı” “Araz-Naxçıvan”la qarşılaşacaq.
Amma bu oyunların içərisində bir matç da var ki, xüsusi bir özəlliyə sahibdir – “Sumqayıt” – “Turan Tovuz”. Birincisi ona görə ki, Samir Abasovun gedişindən sonra Vaqif Cavadovu baş məşqçi təyin edən sumqayıtlılar yeni çalışdırıcısı ilə ilk oyununa çıxacaq. Bu, özü oyunu maraqlı edən amildir.
İkincisi isə, həm keçən, həm də bu mövsüm hər iki komanda azarkeşlərinin fəallığına görə fərqləniblər. Artıq arxada qalan 9 turdan sonra “Turan Tovuz” ümumilikdə 19 mindən çox azarkeş toplamaqla Premyer Liqa komandaları arasında ən yaxşı nəticəyə malikdirsə, “Sumqayıt” 12 mini bir az keçməklə bu göstəricidə ikinci pillədədir. Amma geridə qalan turlar ərzində bir oyunda ən çox azarkeş rekordu isə “Sumqayıt”a məxsusdur. “Kimyaçılar”ın elə 9-cu turun “Qarabağ”la oyununu Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda 7 min azarkeş izləmişdi. Hətta ötən mövsümün rekordu da gənclik şəhərinin təmsilçisində idi. Həm stadionun “Neftçi” ilə açılış oyununda, həm də Premyer Liqanın “Qarabağ” və “Qəbələ” ilə matçlarında stadionda “iynə atsan yerə düşməz”di.
Hərçənd Konfrans Liqasındakı uğursuz çıxışdan sonra mövsümə də yaxşı start verməyən və 9 oyundan sonra cəmi 7 xal toplamış və 8-ci pillədə qərarlaşmış “kimyaçılar”ın bu mövsümkü oyunlarına azarkeş marağı da azdır. İddia etmək olardı ki, əgər hər şey qaydasında getsəydi, böyük ehtimalla ümumi azarkeş sayında da sumqayıtlılar bayrağı əldən verməzdilər, amma əlahəzrət fakt özü hər şeyi açıq aydın göstərir.
Üstəlik “Turan Tovuz” azarkeşləri nəinki ev oyunlarında kütləvi halda komandalarına dəstək olub stadionu doldururlar, həmçinin səfər matçlarında da aktivlikləri ilə özlərini göstərməyi yaxşı bacarırlar. Belə ki, Premyer Liqanın “Qarabağ”, “Neftçi”, “Sabah” və digər səfərdə keçirilən oyunlarında tovuzlu azarkeşlər elə bir atmosfer yaratmışdılar ki, yumşaq desək, özlərini heç də “qonaq” kimi aparmırdılar.
İddia olunur ki, azarkeşləri ilə öyünən “Sumqayıt”ı da öz meydanında qonaq kimi hiss etdirmək üçün tovuzlu azarkeşlər “Gənclik şəhəri”nə axın edəcəklər. Əlbəttə, futbolun gözəlliyi azarkeşlərdir. Qollar da onlar üçün vurulur, yaxşı oyun da onlar üçün göstərilir. Amma dəstək balanslı olanda meydandakı hər iki komanda daha ürəkli, daha mübariz çıxış edir. Burda isə iş qalır sumqayıtlı azarkeşlərə. Təkcə komandanın iki fanklubu yox, bütün şəhər öz futbolçularının arxasında durmalı, doğma meydanda qonaq kimi hiss etməyə imkan verməməlidir.
Bundan öncəki oyunlarda necə doldurmuşdularsa stadionu, bu matçda da anşlaq, dolu tribunalar və dəstək lazımdır.
Uzun zamandır tərəfdar sarıdan qıtlıq yaşayan Azərbaycan futbolunu regionların sayəsində yenidən azarkeş gözəlliyinə qovuşdurmaq yükü bu dəfə tovuzlu və sumqayıtlı fanatların öhdəsinə düşüb. Növbə isə ev sahibi kimi məhz Sumqayıt sakinlərindədir.
Göstərin birliyinizi, dəstəyinizi, gücünüzü...
Fərid
saytlarin hazirlanmasi