AVRO-2026-nın əsas mərhələsində Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, futzalçılarımız səfərdə Yunanıstan yığması ilə üz-üzə gələcək. Afinada keçiriləcək oyuna hazırlığın son mərhələsini və ümumi vəziyyətlə bağlı millimizin üzvü Kənan Manafov azfutzal.az-a açıqlama verib:
"Normal hazırlıq keçmişik. Komandada vəziyyət yaxşıdır. Zədəli və bəzi problemlərə görə komandaya qoşula bilməyən futzalçılarımız oldu. Onların yoxluğuna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Rəqibimizi yaxşı tanıyırıq. Son oyunumuzu da onlara qarşı keçirmişik. Bakıdakı matçda hesabı açan tərəf olsaq da, sonradan yenik duruma düşdük. Halbuki bir neçə epizodda fərqi artıra bilərdik. Əvəzində son dəqiqədə bərabərlik qolunu vurduq.
Yunanıstan yığması bizdən fərqli olaraq mart ayında artıq bir oyun keçirib. Onlar Xorvatiya millisi ilə qarşılaşıblar. Qrupun favoritinə minimalhesabla yeniliblər. Ümumi götürdükdə, biz onları, onlar da bizi yaxşı tanıyır. Baş məşqçimiz sabahkı oyunda müdafiədə və hücumda necə oynamalı olduğumuzu deyəcək. Əslində, məşq prosesində bunun üzərində işləmişik. Son təlimatları oyunöncəsi məşqdə alacağıq.
Komanda dünən səhər saatlarında Afinaya çatıb. İlk məşqimizi oyunun keçiriləcəyi arenada deyil, başqa məkanda reallaşdırdıq. Bu məşq daha çox uzaq səfərdən sonra bərpa xarakteri daşıyırdı. Yenə deyirəm, məqsəd aydındır. Cari seçmə mərhələdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yunanıstan yığması da yaxşı rəqibdir. Xüsusilə də müdafiədə keyfiyyətli oynayırlar".
saytlarin hazirlanmasi