Rövnəq müəllim, sizə bir "beş"

02:20 - 14 Oktyabr 2014

Necə qapazaltı olmuşuqsa, elə də qalmışıq

 

İnanırsız, indi hamı günahı bir-birinin üstünə atacaq. Foqts deyəcək mənlik deyil, futbolçular oynamağı bacarmırlar. Futbolçular deyəcək ki, bizlik nə var? Gəl, Foqts kimi savadsızın qurduğu taktikayla nəsə elə...

 

Rövnəq Abdullayev şübhəli baxışlarla Elxan Məmmədova baxacaq. O da deyəcək ki, biz həm Fotqs üçün, həm də futbolçular üçün hər cür şərait yaratmışdıq.

 

Bir tərəfdən Elşad Nəsirov çağırılmamış qonaq kimi düşəcək ortaya “Foqts mujik”, “Foqts mujik” deyəcək və almanı millidə saxlamaq üçün günahkar axtarışına cıxacaq.

 

Mənim isə bu dəfə sözüm konkret bir adamadır - əlahəzrət Rövnəq Abdullayevə. Nəyə görə? Rövnəq müəllim, “Axırıncı aşırım” filminə yəqin siz də dəfələrlə baxmısız. Orada Abbasqulu bəy Kərbəlayinin evinə gələndə, Qəmlo ondan soruşur ki, kim lazımdı. Abbasqulu bəy isə “evin kişisini soruşarlar” deyir.

 

AFFA adlı futbol evimizin kişisi olduğunuz üçün iradım birbaşa sizədir. Bu uğursuzluqlarda ən böyük günahkar elə sizsiz! Xorvatiya ilə oyundakı biabırçı məğlubiyyət şəxsən mənim üçün gözlənilməz deyildi. Hələ Portuqaliya ilə səfər oyununda Kamranı “topla döyəndə”, heç-heçə ilə qürrələndiyimiz Şimali İralndiya ilə səfər matçında qapımız önündə yaranan 10-a yaxın təhlükəli epizod bir işarə idi ki, nə vaxtsa bəxt üzümüzə gülməyəcək.             

 

6-7 ildir ki, AFFA-nın başındasız. Bu illərdə 100 milyondan çox pul xərclənib futbolumuzun inkişafına. Dəyişən isə heç nə yoxdur. Necə qapazaltı olmuşuqsa, elə də qalmışıq. Adi vaxtda jurnalistlərin az qala gözünü çıxardırsız ki, AFFA-nın sizə borcu yoxdur. Bir zəhmət olmasa deyin, sizdən havaya sovrulan milyonların hesabını sormağa icazəmiz var, yoxsa o da bizim işimiz deyil?

 

Əgər hansısa bir qurumda iş getmirsə, yaxşı rəhbər mütləq islahatlara başlayır, nəyisə dəyişməyə cəhd edir. Siz isə 6 ildir monoton idarə üsuluna sadiqsiz. Bir ölkənin futbol təsərrüfatında bu qədər uğursuzluq var ikən, heç nə dəyişmir ki, dəyişmir...

 

Rövnəq müəllim, biz deyirik, siz dinləmirsiz. Biz yazırıq, siz oxumursuz. Biz futbolla yaşayırıq, siz isə sabah neft sektorunda həyata keçirəcəyiniz hansısa yeni layihə ilə yaşayırsız...

 

“Biz bilrikdə güclüyük” şüarı altında fəaliyyət göstərən, əslində isə “biz hamıdan ağıllıyıq” devizi ilə işləyən AFFA-da islahatlar edin. Çoxdan vaxtdır. Bir dəfə də bizə inanın, ətrafınıza yox!

 

Emin ABBASOV

   

Xəbər xətti