Milli komandamızın qapıçısı: "Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq"

12:34 - 10 Aprel 2025

"Reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik".

Sportal.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov deyib.

O, aprelin 11-də Avropa çempionatının əsas mərhələsində səfərdə İsveçə qarşı keçirəcəkləri görüşlə bağlı fikirlərini bölüşüb: “Ölkəyə dünən gəldik və yorğun olmağımıza baxmayaraq, məşqimizi etdik. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır. Hər birimiz istəyirik ki, qrupda ilk qələbəmizi qazanaq. Milli komandamız buna layiqdir. Oyunöncəsi son məşqimizdə taktiki tapşırıqlar üzərində işləyəcəyik”.

Kürdov heyətdə yüngül zədəsi olan futzalçıların olduğunu söyləyib: “Həmin zədələr onların oynamağına mane deyil. İsveç uyğunlaşdığı örtükdə oynayacaq. Biz də reytinq xallarımızı artırmaq üçün əlimizdən gələni edəcəyik. Çünki reytinqdəki sıralama gələcək püşkatmalar üçün lazım olacaq. Bütün diqqətimizi bu matça yönəldəcəyik. Düzdür, Bakıya döndükdən iki gün sonra Xorvatiya yığması ilə qarşılaşacağıq. Amma bu oyun haqda sonra danışmaq olar”.

Kapitan bu gün baş məşqçi Vitali Borisov tərəfindən videogörüntülərin təqdim olunacağını diqqətə çatdırıb: “Rəqibin zəif və güclü tərəflərini izləyəcəyik. Oyunun keçiriləcəyi arenanın örtüyü də bizim əlehimizədir. Çünki terafleksdə məşq etməmişik. Belə örtükdə oynamaq ağır olur, top sürətlə hərəkət etmir. Bunu bəhanə etmirik. İlk məşqimizi keçirdik, ikinci məşq də uyğunlaşmaq baxımından çox köməyimizə çatacaq”.

Xəbər xətti