"Barselona"nın baş məşqçisindən yeni müqavilə açıqlaması

11:56 - 12 Aprel 2025

"Barselona"nın baş məşqçisi Hansi Flik klubdakı gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, alman mütəxəssis müqaviləsinin müddətini uzatmağa tələsmədiyini bildirib. 60 yaşlı məşqçi dünyanın ən yaxşı klubunda çalışdığını deyib:

"Mən 3 il sonranı düşünən məşqçi deyiləm. Dünyanın ən yaxşı klubunda çalışıram. Klubun hazırda içində olduğu durum o qədər də asan deyil. Amma burada olan hər kəs əlindən gələnin ən yaxşısını edir. Klubla 1 illik müqaviləm var. Əgər hər şey yolunda getsə, daha 1 il davam edərik. Mənim tərzim budur: addım-addım, ildən-ilə. Buradakı işimi ən yaxşı şəkildə tamamlamaq istəyirəm. Köməkçilərim də xoşbəxtdir. Qarşıda mövsümün vacib hissəsi gəlir. Öncə "Leqanes"lə, sonra "Borussiya" ilə oyunumuz var".

Qeyd edək ki, Hansi Flik mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Uğurlu mövsüm keçirən Kataloniya təmsilçisi La Liqada liderdir, Çempionlar Liqasında isə 1/4 finalın ilk matçında "Borussiya"nı 4:0 hesabı ilə məğlub edib.

Xəbər xətti