Baş katibin həqiqətlərlə dolu çıxışı - tutduğu vəzifənin əsirinə çevrilməsə...

16:11 - 11 Aprel 2025

Elə bir vəziyyətə gəlmişik ki, düz danışan, doğruları deyən, həqiqətin gözünün içinə dik baxmağı bacaran vəzifə sahibi görəndə qəribə gəlir adama. Yəni belə də olarmış... 

AFFA-nın Hesabat Konfransında danışan federasiyanın yeni baş katibi Cahangir Fərəcullayev də geniş futbol ictimaiyyəti qarşısındakı ilk çıxışında həqiqətləri muncuq kimi düzüb, az qala birnəfəsə, bir neçə dəqiqəyə bir neçə onillik problemləri ortaya qoyub. 

Baş katib uşaq futbolunu yaralı yerimiz adlandırıb, futbol təhsilinin aşağı olmasını vurğulayıb, infrastruktur və s. çatışmazlıqları qabardıb. Əlbəttə, kimsə deyə bilər ki, problemlər barədə danışmaq hələ onların həll olunacağı demək deyil. Doğrudur, zaman göstərəcək nəticəni.
 
Cahangir bəyə ən azı ona görə təşəkkür düşür ki, çoxlarından fərqli olaraq utopik, həm də pafoslu danışmayıb. Olanı deyib, olanı deməkdən çəkinməyib. Yola doğruları deməklə, doğruları görərək çıxmağa qərar verib özü üçün. 

Nə yaxşı, nə xoş. Amma narahat eləyən məqam da var... Futbol sahəsinə böyük entuziazmla gələn, lakin zamanla reallıqlarla barışıb hamıdan birinə çevrilən çox adamlar görmüşük arxada qalan illər ərzində. Cahangir bəy də çox istəkli görünür, ortaya ciddi iş qoymaq həvəsi sezilir bu insanda. Əsas odur ki, düşdüyü mühit və tutduğu vəzifənin əsirinə çevrilməsin belə adam.

Həmid

Xəbər xətti