"Birdəfəlik deyilsin ki, elitada 8 dəyişməz komanda olacaq" - "Turan Tovuz"dan etiraz

14:25 - 9 İyun 2020

İdman prinsiplərinə görə “Turan Tovuz” aşağı dəstənin qalibi kimi növbəti mövsümdən Premyer Liqada çıxış etməlidi. Ancaq nə etmək olar ki, artıq neçə illərdi Azərbaycan futbolunda bu prinsipə baxan yoxdu. Ya ümumiyyətlə, aşağıdan yuxarı çıxan olmur, yüksələn olanda da başqa göstəricilər əsas götürülür.

 

İlboyu “Kəpəz” və “Turan Tovuz”un 2020/21 mövsümündən elitada çıxış edəcəyi deyilirdi. Hər iki klubun azarkeşləri də böyük səbirsizliklə sevdikləri komandanı Peümyüe Liqada gözləyirdilər.

 

Ancaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bazar ertəsi verdiyi açıqlama ilə qərb bölgəsinin futbolsevərlərinin arzusunu gözündə qoydu, onların elita istəyinin üstündən qalın-çarpaz xətt çəkdi.

 

Sportal.az xəbər verir ki, I Divizionun son qalibi - “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev bu barədə danışıb:

 

“Əvvəlcə onu bildirim ki, çempionat yarımçıq saxlanılmasa belə, biz çempionluğa gedirdik. Bu da klubda aparılan işlərin nəticəsidi. İkinci dəfə çempion olsaq da, Premyer Liqada oynaya bilməyəcəyik. Çempiona elitada çıxış etməyə imkan verilmirsə, onda Divizionda çempionat keçirmək kimə lazımdı? Birdəfəlik deyilsin ki, elitada 8 dəyişməz komanda olacaq. Bunu elan etsinlər və aşağı dəstədə çıxış edən klubların rəhbərliyi, futbolçular, azarkeşlər də bilsinlər. Premyer Liqada sonuncu olacaq komanda mütləq aşağı düşməli, əvəzində isə biz, yəni “Turan Tovuz” ora yüksəlməlidi. Onsuz da hamı bilir ki, bu gün elitada çıxış edən 8 klubdan beşinə AFFA baxır. Bu dəfə onlardan birini çıxarsınlar, bizə orda mübarizə aparmaq şansı tanısınlar. AFFA üçün nə fərqi var, pulu o komandaya ayırır, yoxsa “Turan Tovuz”a. Ötən müsahibələrimdə də qeyd etmişəm və bu gün də təkrarlayıram, elitanın coğrafiyası genişlənməli, Premyer Liqada bölgə təmsilçilərinin sayı artmalıdı. Yüksək dəstədə Mingəçevir, Quba, Qusar, Zaqatala, Lənkəran, Şəmkir, Masallı komandaları olmalıdı”.

 

Müşahidə Şurasının sədri mükafatlandırma mərasiminin nə vaxt keçiriləcəyindən xəbərsiz olduğunu bildirməklə yanaşı, Tovuzdan olan iş adamlarının kluba maliyyə ayırmamasından da narazı qaldığını vurğuladı: “Çempionluq yolunda əziyyəti olanların hamısına təşəkkür edirəm. Azarkeşlərimizi də yaddan çıxarmaq olmaz. Onların sayəsində biz bu çempionluğa nail olduq. Mükafatlandırmaya gəlincə, medalların nə vaxt veriləcəyi barədə bizə heç nə deyilməyib. Qərar iki gündü açıqlanıb, ola bilsin, yaxın vaxtlarda nəsə deyərlər. Elə bilirsiz ki, komandanın çempion olmasını hamı qəbul edir? İlboyu bizi istəməyən, əslən Tovuzdan olan bəzi bədniyyətli adamlar deyirdilər ki, “Turan Tovuz” oyun satır. Çempionluğa oynayan, qarşısına çempion olmağı məqsədi qoyan komanda oyunu necə sata bilər? İki mövsüm əvvəl çempion olanda da bu “mahnılar”ı eşidirdim. Bu illər ərzində mənim ünvanıma nələr deyilmədi? Ancaq sonda bir daha göründü ki, tovuzlu olub, Tovuz futboluna düşmən kəsilən bir qrup adamlara yanlış məlumatlar ötürməklə məşğul imişlər. İllik büdcəmiz 350 min manat təşkil edir. Devalvasiyadan əvvəlki vaxt olsaydı, bəlkə də bu pulla elitada da oynamaq olardı. Ancaq indi durum fərqlidi. Məni ən çox məyus edən rayonun imkanlı şəxslərinin kluba sahib çıxmaq istəməməsidi. Tovuzda hamı bilir ki, bu gün AFFA “Turan Tovuz”a pul ayırmasa, çoxdan klublar qəbirstanlığında basdırılmışdı. Bunu Tovuzun kasıbı da bilir, imkanlısı da. Ancaq imkanlılar bunu bilə-bilə heç bir addım atmırlar. Sonra da deyirik ki, Tovuzda mütləq futbol olmalıdı, orda istedadlı uşaqlar var. Bəli, perspektivli yeniyetmə və gənclər var, ancaq imkanlı tovuzlular həmin gənclərə sahib çıxmaq istəmirlər" ("Futbol+").

Xəbər xətti