Həsrət Cəfərov qitə çempionatının finalında

00:29 - 4 İyul 2021

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

 

Sportal.az xəbər verir ki, Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

 

Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib. Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən məğlub ayrılan Nihat iyulun 4-də bürünc medal uğrunda görüşə çıxacaq.

 

Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisiylə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən Həsrət finala vəsiqə qazanıb.
Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz 1/8 finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq Həsənli 1/4 finalda gürcü həmkarıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Xasay iyulun 4-də təsəlliverici görüşə çıxacaq.

 

Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.

 

Bu çəkilərdə təsəlliverici və final görüşləri iyulun 4-də keçiriləcək.

 

60 kq
1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan) 3:1
1/4 final: Nihat Məmmədli - Numan Bayram (Almaniya) *1:1
1/2 final: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya) 3:5
Bürünc medal görüşü: Nihat Məmmədli - Qleb Makaranka (Belarus)/Mert İlbars (Türkiyə)/Vitali Yeriomenko (Moldova)

 

67 kq
1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan) 8:0
1/4 final: Həsrət Cəfərov - Nikolay Dzezov (Bolqarıstan) 11:3
1/2 final: Həsrət Cəfərov - Luka Oçiqava (Gürcüstan) 6:0
Final: Həsrət Cəfərov - Serhat Kırık (Türkiyə)

 

72 kq
Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya) 9:0
1/8 final: Xasay Həsənli - İqor Botez (Rumıniya) 4:1 (tuşe)
1/4 final: Xasay Həsənli - Giorgi Çixikvadze (Gürcüstan) 0:8
Təsəlliverici görüş: Xasay Həsənli - Andrey Kavalevski (Belarus)/Mixael Portman (İsveçrə)

 

82 kq
Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan) 0:9.

Xəbər xətti