Dünya çempionatının son günündə 3 medal şansı

14:36 - 18 Sentyabr 2022

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Sportal.az xəbər verir ki, dünən sərbəst güləş üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.

İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşə çıxacaq.

Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsı üstələyib - 6:1. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabıyla məğlub olub.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, təsəlliverici görüşlər bu gün 18:30-da, medal qarşılaşmaları isə 20:00-da başlayacaq.

Xəbər xətti