Azərbaycan yığmasından son 7 ilin ən yaxşı nəticəsi

22:48 - 20 Sentyabr 2022

10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirildi.

 

Sportal.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu mundialda tarixi uğura imza atdı.

 

1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edən yığmamız 118 xalla komanda hesabında dünya ikincisi oldu. Türkiyə (125) birinci, Serbiya (110) isə üçüncü yeri tutdu.

 

Bu, güləşin bu növündə ikinci belə uğurdur. Xatırladaq ki, 7 il əvvəl Las Veqasda keçirilən mundialda da komandamız dünya ikincisi olmuşdu.

 

Ancaq bu dəfə bir neçə istiqamətdə nəticələr daha yüksək oldu. Belə ki, dünya çempionatında yunan-Roma güləşində həm medalların əyarına, həm sayına, həm də toplanan xallara görə yeni rekord qeydə alındı. Komandamızın bu nəticəyə tam heyətlə yox, 9 güləşçi ilə imza atdığını vurğulamaq yerinə düşür.

 

Xatırladaq ki, Belqradda Eldəniz Əzizli (55 kq) qızıl, Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazandı.

 

Ötən il Norveçdə keçirilən dünya çempionatında olduğu kimi, Serbiyada da qadın güləşçilər medal qazana bilmədi. Sərbəst güləşçilər də Oslodakı nəticəni təkrarladılar və 2 bürünc medal qazandılar. Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) dünya üçüncüsü oldu.

 

Beləliklə, dünya çempionatında güləşçilərimiz 7 (1 qızıl, 1 gümüş, 5 bürünc) medal qazandı. Bu da medalların sayına görə son 7 ilin ən yaxşı göstəricisidir.

 

Müstəqil ölkə kimi qatıldığımız böyüklər arasında dünya çempionatlarında medallarımızın sayı 85-ə yüksəlib. Bunların 17-si qızıl, 29-u gümüş və 39-u bürüncdür.

Xəbər xətti