Bakıdakı Dünya Kuboku öncəsi mətbuat konfransı keçirildi

19:42 - 4 Noyabr 2022

Sabah Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək.

Sportal.az xəbər verir ki, bu gün yarışın keçiriləcəyi məkanda mətbuat konfransı baş tutub. Tədbirdə Dünya Güləş Birliyinin (UWW) mətbuat katibi Erik Olanovski, Azərbaycan yığmasının üzvləri, dünya çempionları Eldəniz Əzizli və Rafiq Hüseynov, türkiyəli dünya çempionu Burhan Akbudak və litvalı dünya mükafatçısı Mantas Knistautas iştirak edib.

İlk öncə çıxış edən Olanovski təşkilatçılıq işlərinin yüksək səviyyədə görüldüyünü və hər bir detalın nəzərə alındığını bildirib.

Knistautas Dünya yığmasının tərkibində yer aldığı üçün qürur duyduğunu və ölkəsini layiqincə təmsil etməyə çalışacağını deyib.

Burhan Akbudak Bakıda evdə güləşirlərmiş kimi özlərini hiss etdiklərini və Azərbaycanla finalda qarşılaşmaq istədiklərini dilə gətirib.

Rafiq Hüseynov Serbiya millisinin turnirdə iştirak etməməsinin onların motivasiyasına heç bir təsir göstərmədiyini, məqsədlərinin 2015-ci ildə olduğu kimi, Dünya Kubokuna sahib çıxmaq olduğunu söyləyib. Təcrübəli pəhləvan azarkeşləri şou gözlədiyini də bildirib.

Eldəniz Əzizli bu yarışda əsas rəqibinin gürcüstanlı Nuqzari Tsurtsumia olduğunu, komanda şəklində bu il uğurlu çıxış etdiklərini və Dünya Kubokunda da uğurun davamını gətirmək istədiklərini söyləyib.

Xatırladaq ki, sabah qrup görüşləri keçiriləcək. Saat 10:00-da Türkiyə - İran qarşılaşmasıyla yarışa start veriləcək. 16:00-da Dünya Kubokunun açılış mərasimi keçiriləcək. Saat 17:00-dan etibarən sırayla İran – Qırğızıstan, Azərbaycan – Dünya yığması və Türkiyə - Qırğızıstan görüşləri baş tutacaq. Bürünc medal uğrunda qarşılaşma və final noyabrın 6-da keçiriləcək. 3-cü yer uğrunda görüş 17:00-da başlayacaq. Bundan sonra isə final start götürəcək.

Xəbər xətti