"Biz mükəmməl futbolu yox, Bakıya üç xalla qayıtmağı düşünürdük"

16:42 - 15 Dekabr 2022

Misli Premyer Liqasının 17-ci turunun “Turan Tovuz” – “Neftçi” görüşündən sonra qonaq komandanın baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis matçla bağlı danışıb. Bununla yanaşı, jurnalistlərin suallarını cavablandırıb.

"Elvin Rüstəmov Allahdan rəhmət diləyirəm, ailəsinə başsağlığı verirəm. Ailəsinin yanındayıq. Oyuna gəldikdə, bilirdik ki, asan olmayacaq. Futbol üçün yaxşı olmayan məqama toxunmaq istəyirəm. Çox yaxşı infrastruktur yaradılıb, azarkeşlər gəlir, hər şey gözəldir. Amma meydança dəyişdirilsə, Azərbaycan futbolunun səviyyəsinin artması yönündə yaxşı olardı. Mənə elə gəlir ki, futbolçular və Azərbaycan futbolu daha yaxşısına layiqdir. Çünki liqada daha yaxşı komandalar var. Avropada çıxış edən klublara sahibsiniz. Onlar daha yaxşısına layiqdirlər. Nəyə görə bunu vurğulayıram? Bu cür oyunlara hazırlaşmaq çətin olur. Rəqibi analiz edərkən, bilirik ki, üç müdafiəçi ilə oynayır, qol buraxmamaq üçün arxaya toparlanırlar. Lakin biz hər gün təbii ot örtüyündə məşq edirik. Bu cür hazırlaşdıqdan sonra, gəlib süni örtüyə çıxırsan və görürsən ki, futbolçular qorxaraq oynayır. Bunu başa düşürəm. İlk yarıda Fərid Yusiflini itirdik. Toqquşma zamanı zədə almadı. Ondan əvvəl zədəsi var idi. Görünürdü ki, futbolçular meydançaya görə, 100 faizini verməkdən qorxurdu. Biz mükəmməl futbolu yox, Bakıya üç xalla qayıtmağı düşünürdük. 
 
- Kenni Sayefi sol cinah müdafiəçisi kimi oynatmaq onu cəzalandırmaq, yoxsa rəhbərliyə verilən mesajdır?
- Xeyr. Belə deyil. Azər Salahlı sarı vərəqə almışdı. Onlar dəyişiklik etdikdən sonra rəqib 10 nömrəli oyunçunu həmin cinaha yerləşdirdilər. Azərin ikinci sarı vərəqə almasını risk edə bilməzdim. Sol cinahda iki yerli oyunçumuz var. Azərə hörmətim var, böyük zədədən sonra qayıdıb. Oyundan-oyuna daha yaxşı olacaq.

- Futbolçuların tez-tez zədələnməsi nə ilə bağlıdır?
- Donyonun zədəsi qəribədir. 3-4 həftə əvvəl məşqdə zədələndi. Sizə başa sala bilmərəm ki, necə zədə alıb. Qaçarkən ayağı sürüşdü və elə zədə aldı ki, sümüyü ağrı verdi. MRT-yə baxıldı ki, heç nəyi yoxdur. Son matçda oynamağa çalışırdı. Həftəboyu ağrılar daha da möhkəmləndi. Zədəlilərimiz haqda danışsaq, çox qəribədir. Azər Əliyev son dəqiqədə zədələndi. Eddi İsrafilovun zədəsi xronikidir, məşqlərlə əlaqəsi yoxdur. Azər Salahlı əməliyyat edilmişdi. Fərid Yusiflidə də xronikidir. Çox güman ki, əməliyyat olunacaq. Digər zədələrə gəldikdə, futbolda normaldır. Düşünmürəm ki, bunlara nəzər yetirmək lazımdır. Zaman gəldikdə, imkan yarandıqda, yeniliklər edəcəyik. Hamımız istəyirik ki, “Neftçi” yuxarılarda qərarlaşsın, digər klublarla eyni səviyyədə oynayaq. Hamılıqlı bunun üzərində işləyirik.

- “Neftçi” “Turan Tovuz”u büdcə və şərait baxımından üstələyir. Son dəqiqələrdə futbolçuların vaxt aparması sizin tapşırığınız idi?
- Hər şey edildi ki, üç xal qazanılsın. Bu, normaldır, hər komanda edir. İndiki məqamda büdcə haqda danışmaq lazım deyil. Almaniya millisi evə getdi, Yaponiya pley-off mərhələsinə adladı. Gördük ki, İspaniya da evə getdi. Bəzən futbol sırf pulun üzərində qurulmur. Yaxşı pulun ola bilər, yaxşı komandan da olmalıdır. Oyunun sonlarında vaxt aparmaq qəribə deyil. Bu, komandanın xarakteridir. Hər böyük komanda risk etməmək üçün belə addımlar atır. Niyə risk etməliyik? 94-cü dəqiqədə ikinci qolu vurmaq üçün? 1:0 və 2:0 eyni şeydir.

- “Neftçi”dən gedənlər olacaq?
- Hazırda bu haqda danışmağa ehtiyac görmürəm. Çünki “Zirə” ilə çətin oyunumuz və zədəlilərlə bağlı problemimiz var. İki oyunu oynadıqdan sonra rəhbərliklə toplantımız olacaq. Nə edə biləcəyimizə, hansı istiqamətdə addımlar atacağımıza baxacağıq.

- Rumıniya mətbuatı artıq Emin Mahmudovun "Universitatya Krayova"ya keçəcəyini yazır. Sizcə, o, Rumıniya liqasında oynaya bilər?  
- Sarı mətbuatla aram yoxdur. Bu, doğru məlumat deyil. Düşünürəm ki, mətbuat konfransda da, bu haqda danışmaq lazım deyil.

- “Neftçi”nin bəzi mövqelərinə transferlər lazımdır. Bunu dəqiqləşdirmisiz?
- Bayaq dediyim kimi, bu yöndə müzakirələr aparırıq, işləyirik. Periodun bitməsini gözləməliyik. Çünki iki vacib oyunumuz var. İstəyirəm ki, komandam kubokda geridönüş yaradıb, yarımfinala adlasın. Həmin oyundan üç gün sonra çempionatda ilin son matçı var. Bu gün ehtiyat skamyada 5-6 oyunçu əvəzedici heyətdən idi. “Zirə”dən sonra axırıncı matça hazırlaşmaq daha çətin olacaq. Kubokda növbəti mərhələyə adlasaq, daha yaxşı atmosferin olması mümkündür. Futbolda hər şey olur. Bu, baş verməyə də bilər. Ona görə, bu mövzu haqda danışmaq istəmirəm ki, oyunçular konsentrasiya olsun. Ümidvaram ki, ili yaxşı bitirək.

Mirbağırağa

Xəbər xətti