"Neftçi" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Zirə"ni 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:
- Biz tərəfdən mükəmməl oyun oldu. Oyunçularıma nə tapşırıq vermişdimsə, yerinə yetirdilər. Ortadakı kombinasiya oyununu üstün tutaraq, çalışdıq ki, "Zirə" qapımıza yaxınlaşmasın. Ona görə futbolçulara tapşırmışdım ki, ikinci topları qazanaq. Analizdən sonra gördüm ki, onlar çox top itirir. Belədə, qol vurmaq şansımız çox ola bilər. Demək olar ki, ilk matçda oynadığımız oyunun əksini göstərdik. İlk qarşılaşmada oyun bizim nəzarətimizdə olduğu zaman əks-hücumdan qol buraxmışdıq. Bu gün fərqli oynamağa qərar verdim. Ola bilsin ki, fanatlar üçün gözəgəlimli alınmadı. Amma bizim bugünkü görüşdə məqsədimiz o deyildi.
- "Neftçi" bu mövsüm sanki ən yaxşı oyununu oynadı. Halbuki itkiləriniz var idi. Sizcə, buna qədər niyə mükəmməl oynaya bilmirdiz?
- Mövsümün geridə qalan hissəsini analiz etmək lazımdır.
- Mamadu Mbocu yola saldınız. Nə baş verdi ki, onunla yolları ayırdınız?
- Məsələnin nə olduğunu dəqiq bilmirsiz. Ona görə düşünürsüz ki, iki oyun qalmış getdi. Heç bir problem yox idi aramızda. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm.
- Yerli gəncləri meydana daxil edib, sonradan dəyişəndə onlara pis təsir edir. Ağadadaş Salyanskini də dəyişdiniz. Onu psixoloji olaraq necə hazırlayacaqsız?
- Bu, mənim işimdir. Ona görə mənə maaş verirlər. Bu gün kubok oyunu idi. Oyunçunun marağına nəzər yetirmirdik. Təzyiq böyük idi. Həmin an o qərarı verməli oldum ki, komandaya xeyirli olsun. Gənc oyunçular dərk etməlidilər ki, əsas komanda əsas komandadır. Mənim üçün yaş önəmli deyil. İstəyirəm hər bir futbolçu meydana daxil olanda uğurlu nəticələr əldə etsin.
- Yeqor Boqomolskini tez-tez start heyətində oynatmaq olmaz?
- Onun özündən asılıdır. Bu cür oyun nümayiş etdirəndən sonra start heyətində meydana çıxmağa layiq olacaq. Hər gün hər oyunçu üçün çağırışdır.
- Rumıniya mətbuatı sizinlə bağlı məlumat paylaşıb ki, "Universitatya Krayova"ya gedirsiz, klub prezidenti ilə razılaşmısız...
- Sizə bundan əvvəlki vaxtlarda da demişəm ki, bu cür söz-söhblər axır-əvvəl başa çatacaq. Buradayam, müqaviləm var.
- Niyə belə söz-söhbətlər çıxır? "Neftçi"dəki işinizə konsentrasiya olmağınızı istəmirlər?
- Yazılanlar mənə təsir edə bilməz. Azərbaycan mətbuatında Buqatti məsələsi çıxmışdı. Hamınızın hüququdur, istədiklərinizi yaza bilərsiz. Bu cür şeyləri şərh etmədən keçirəm.
- Belə məlumat var ki, "hara getsəm, Emin Mahmudovu özümlə aparacam" demisiz. Bu, doğrudur?
- Mən bu cür deməmişəm. Eminin də sahibi deyiləm, o, "Neftçi"nin oyunçusudur. O özü-özünün sahibidir. Bəli, futbolçu kimi onu bəyənirəm. Bu cür söz deyə bilmərəm. Siz yaxşı bilirsiz ki, transferlər media yolu ilə həll olmur.
Mirbağırağa
saytlarin hazirlanmasi