"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün xal qazanmaq istəyirdik. Bura inamlı gəlmişdik. Çox sevinirəm ki, bu sıx qrafikdə ən azı bir xal qazandıq. "Qəbələ" son oyunlarda yaxşı formadadır. Kubokda "Qarabağ" kimi komanda ilə çox yaxşı mübarizə apardılar. Bilirdik ki, bizə çətin olacaq. Birinci hissədə gümrah idik. İkinci hissədə isə yorğunluq görünürdü. Ümumən rəqibə təhlükəli epizodlar vermədik. Xal ehtiyatımızı artırdıq. Bəlkə daha da çox ola bilərdi. Amma düşünürəm ki, həm kubokda, həm çempionatda nəticəmiz pis deyil. Çalışacağıq ki, təlim-məşq toplanışında zədəlilərimiz geri qayıtsın. Ümid edirəm çempionatın ikinci hissəsində daha yaxşı olarıq.
- 18 turun nəticəsini necə dəyərləndirirsiz?
- Çempionatdan əvvəl rəqibləri təhlil edirik, büdcələrinə, transferlərinə baxırıq. Real deyək, digər komandalar var idilər ki, bizdən üstün idilər. Çempionatda ilk ilimizdir, futbolçular yeni komandaya gəliblər. Öz aramızda danışırdıq ki, mövsüm çətin keçəcək, mübarizə aparmaq lazımdır. Son pillələrdən üstdə olmaq istəyirdik. Hansı yerdə olacağımız maraqlı idi. Bəzi klublar gözlədiyimizdən zəif çıxış etdi. Bu, bizə üstünlük verdi. Oyundan-oyuna formaya düşdük, xallar qazandıq. Məncə, fikirləşdiyimizdən yuxarıdayıq. Bu mövqedən yuxarıya mübarizə aparmaq çətindir. Bəzi oyunlarda qalib gələ bilsəydik, "Qəbələ" və "Zirə" ilə xal fərqi az ola bilərdi. Amma real desək, bu nəticəni qənaətbəxş hesab edirəm.
- Qışdan sonra bu mövqedə qalmaq üçün necə transfer lazımdır?
- Qışdan sonra bu yerdə qalmaq çox çətin olacaq. Digər məşqçilərin müsahibələrini oxuyuram. Ən azı 4-5 transfer fikirləşirlər. Bu o deməkdir ki, güclənəcəklər. Müdafiə xəttində zədələrimiz üst-üstə oldu. Gənc futbolçulara şans verdik. Bir tərəfdən onlar qazandılar. Futbolçuların inkişafı üçün rəqabət olmalıdır. Üç transfer edə bilsək, mübarizə aparmaq olar.
- Natan Oduvanı əvəzləyib, Runi Evanı meydanda saxlamağınızın səbəbi nə idi?
- Oduvanın zədəsi hələ tam sağalmayıb. Komandaya iki gün istirahət vermişdik. Dünən burada məşq edib oyuna çıxdı. Həm də oyunun sonunda standart düşündük. Runi yaxın küncdə oynayır. Son anlarda o mövqeni dəyişmək kritikdir. Risk etmədik.
- Kamal Bayramov belə oynamağa davam etsə, daha çox əsas heyətdə girə bilərik?
- Əlbəttə. Biz Tərlana da, Kamala da eyni gözlə baxırıq. Kamal təcrübəlidir. Komandanın formalaşmasında da bizə çox kömək edib. Futbolçular onu çox istəyirlər. Tərlan da bu gün ən yaxşı formada olan qapıçılardandır. İki qapıçımızdan da razıyıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi