"Neftçi"də qalmaq üçün səbəb axtaran Emin Mahmudov

00:41 - 27 Yanvar 2023

Pis günün ömrü az olar desələr də, “Neftçi”də yaxşıya doğru dəyişikliklərin olacağına dair ehtimallar azdır. Əslində, qış fasiləsi ərəfəsində gələcəyə ümid bəsləyənlər çoxalmışdı. SOCAR-ın prezidenti Rövşən Nəcəfin klubun Müşahidə Şurasına sədr təyin olunması “Neftçi”də yeni dönəmin başlaması, əvvəlki əzəmətin geri dönəcəyi gün kimi qəbul olunmuşdu. Amma o vaxtdan xeyli gün keçsə də, “Neftçi”yə gün doğmaq bilmədi ki, bilmədi...

 

“Neftçi” yenə uduzdu. Yenə də “Sabah”a. Bu mövsüm artıq 3-cü dəfədir ki, “Neftçi” bu rəqibi qarşısında meydanı boynu bükük tərk eləyir. Uduzmaqları dərd yarı, Regekampfın komandası düz-əməlli futbol da göstərə bilmədi. “Sabah”ın inamlı oyunu fonunda “Neftçi” o qədər aciz, o qədər kövrək göründü ki, Masazırda yaşananlara izah tapmaq belə asan deyil. Kenni Sayefin 70-ci dəqiqədə qapıçı ilə təkbətək çıxdığı epizod istisna olmaq şərti ilə, 90 dəqiqə ərzində “Neftçi” kəsərli hücum, düşünülmüş kombinasiya belə qura bilmədi. Ən maraqlısı odur ki, belə bərbad oyundan sonra Regekampf Konfrans Liqasının qrup mərhələsinə düşməyi hədəflədiyini dedi. Avazı yaxşı gəlir, amma oxuduğu qurana heç bənzəmir. Rumın mütəxəssis Konfrans Liqasını qazanmağı belə özünə hədəf seçməkdə azaddır. Di gəl ki, bu oyunla ən uzağı bir mərhələ keçmək real görünür, qrup mərhələsi yox!

 

Tək “Qarabağ”a deyil, artıq “Sabah”a da aşağıdan yuxarı baxmağa məhkum olan “Neftçi”də daha bir problem Emin Mahmudovla bağlıdır. Mövsümün sonunda müqaviləsi başa çatan Emin Mahmudov klubla danışıqlar masasına əyləşməyə tələsmir. Kapitan da “Neftçi”də baş verənlərdən bezmiş kimi görünür. Bir tərəfdən azarkeşlərin qınağı, o biri tərəfdən komandanın oyununda yaxşıya doğru dəyişən heç nə yoxdur. Belə durumda “Neftçi”də qalıb sonu görünməyən tənələrlə üzləşməkdənsə, klubunu dəyişmək daha doğru gediş olardı onun üçün. Hər halda, onun kimi futbolçunu “Qarabağ” daxil hər komanda heyətində görmək istəyərdi.

 

Lakin deyilənlərə görə, Emin Mahmudov müqaviləsini yeniləməsə də, hələ də “Neftçi”də dəyişikliklərin olacağına ümidlidir. O, “Neftçi”də qalmaq üçün səbəb axtarır. Hələ ki, həmin səbəbi tapa bilmir. Ola bilər Mahmudov da bir çox “Neftçi” azarkeşi kimi Rövşən Nəcəfə ümidini kəsməyib və yaxın zamanlarda ölkənin ən köklü klubunda köklü dəyişikliklərin olacağına inanır. İnam sonda ölər, müqavilənin sonuna isə hələ bir neçə ay da var.   

 

Həmid

 

P.S. “Neftçi” Masazırda bərbad oyunla məğlub olsa da, yeni transfer Kilan Lebon ümid verdi. Komandaya uyğunlaşmasa da, ayrı-ayrı epizodlarda fərq yarada biləcək oyunçu olduğunu göstərdi.

Xəbər xətti